Sizi yaxından tanıyaq.

Mən, Tural Namazov İqtisad Universitetinin “Mühasibat uçotu və Audit” fakültəsini bitirmişəm. Karyerama mühasib olaraq başlasam da, yaradıcılıq sahəsində daha uğurlu olacağımı hiss edirdim. 2017-ci ildə rəqəmlərlə sağollaşıb yoluma sözlərlə davam etməyi seçdim. İlk olaraq “Greenlight Group” reklam agentliyində kopirayter olaraq işə başladım. Həmin agentlikdə kreativ direktor vəzifəsinə qədər yüksəldim. 4 illik agentlik təcrübəsindən sonra özümü korporativ mühitdə də sınamaq istədim. Kontakt Home bu istəyimi hiss etdi və 1 il 6 aylıq bir dövrdə korporativ mühitin də dadına baxmağım üçün şərait yaratdı. Karyeramın il yarımlıq Kontakt Home dövründə portfoliom çoooox böyüdü və yeni yaradıcılıq dənizlərinə yelkən açmağıma şərait yaratdı. Kontakt-dan sonrakı yeni yaradıcılıq ünvanım isə qlobal reklam agentliyi FCB Artgroup Baku oldu. Hal-hazırda bu agentlikdə senyor kopirayter olaraq çalışıram. 

Kopirayter kimdir və hansı öhdəlikləri var?

Hər kəs kopirayter ola bilməz. Amma kopirayter “hər kəs” olmalıdır. Çünki kopirayter karyerası ərzində istənilən sahə üzrə mətn yazıb ideya istehsal etməlidir. Kopirayter lazım olsa həkim olmalıdır, lazım olsa idmançı, lazım olsa satıcı, lazım olsa ofisiant və s., və s. olmalıdır. Kopirayter hər insana və kütləyə öz dili ilə müraciət etməyi bacarmalıdır. Bir sözlə, istənilən şəxsə və xarakterə bürünməlidir. Sözünün yerini bilməlidir. Seçdiyi hansısa yanlış söz markaya elə bir ağır “təyyarə qəzası” yaşadar ki, səbəbini qara qutudan belə tapmaq olmaz. Odur ki, kopirayter seçdiyi hər sözü qarşısındakının həzm etmək istədiyi səviyyəyə gətirməlidir. Sözlərlə çox da uçmamalıdır, çox da yerlə getməməlidir.

Kopirayterin günlük işləri nədən ibarətdir? O hansı alətlərdən istifadə edir?

Öz gündəlik fəaliyyətimdən nümunə göstərim. İşə gəldim, notbuku açıram. Qarşımda olan tapşırıqla əlaqədar olaraq araşdırma aparıram. Araşdırma bu işin yarısıdır desəm az olar, hətta hamısıdır. Tapşırıq olmasa belə araşdırma etmək kopirayterin yaradıcı sağlamlığı üçün vacibdir. Gündə 3 dəfə qidalanmaq kimi. Sağlam araşdırmaya çox vaxt sərf edən hər kəs  daha böyük həllər tapar deyə düşünürəm. Təcrübələrim də bunu deyir. 

Düşünürəm ki, kopirayter “filan proqramda ya da platformada işləsə yaxşı olar” deyə bir şey yoxdur. Bu tamamən rahatlıq işidir. Mənim işlədiyim xüsusi bir proqram yoxdur. Yazar üçün rahat bir yazı yeri olsun, kifayətdir. Gülməli görünəcək, amma mən bütün işlərimi Google Docs və Gmailin “draft” bölməsində görürəm. Sloqan, naming, mətn, ssenari və s. İdeyanı yazıb bitirdikdən sonra isə onu təqdimata yığıram. Bu tələb olunmasa belə səliqəlilik çox vacibdir. Səliqəli yazı gözəl görünüşlü yemək kimidir. Qonaq qarşısına qoyacağınız yemək dünyanın ən dadlı yeməyi olsa belə səliqəsizdirsə, yeyən olmayacaq. Onu da qeyd edim ki, yaradıcılıq mətbəximdə hər zaman A4 və qələm yanımdadır. Bəzən klaviaturanın verə bilmədiyi dadı qələm daha yaxşı ötürə bilir.

Kopiraytinqdə xüsusi texniki bacarıqlar və ya taktika yoxdur. Hər yaxşı yazarın özünün də özündə görmədiyi metodu var. Hansı ki, bu onun dəsti-xətti adlanır. Hər yerdə həmin dəsti-xətti ilə seçilir. Mənim lazım olanı tapma metodum ilk olaraq ağla gələ biləcək ən banal və uyğun olmayan ideyaları yazıya tökməkdir. Onlardan qurtulduqdan sonra daha yaxşı yazmağa başlayıram. Yəqin ki, bir çox yazarda da belədir. 

Kopirayter digər hansı sahənin şəxsləri ilə sıx işləyir?

Bütün şöbələrin kopirayterə ehtiyacı olur. Lakin kopirayterin əsas yeri Marketinq şöbəsidir. Kopirayter kreativ ola bilər, istedadlı ola bilər. Hamının qəlbinə toxunan sözləri tapa və yarada bilər. Ancaq kopirayter satmağı bacarmalıdır. Bəzən satmaq üçün kreativ söz oyununa ehtiyac olmur. Bu “bəzən”ləri anlamaq üçün kopirayter marketinqi bilməlidir. 

Məhz kopirayter kimi işləməyə sizi nə həvəsləndirir? Motivasiyanız nədir? 

Yazmaqla və sözlərlə aram əvvəldən yaxşı idi. Yaxın dostum kopirayterdir. Hələ bu sahədə izim tozum yox ikən onun gördüyü işlərin briflərini alıb özümdən ideyalar verirdim. Bir müddət sonra bu sahədə irəliləyəcəyimi hiss etdim və özümü yelkənsiz, qayıqsız yaradıcılıq dənizinə atdım. 

Peşəkar kopirayter olmaq üçün nələrə diqqət edilməlidir?

Kopirayterəm deyib əlinə qələm alan hər kəs orfoqrafiya qaydalarına riayət etməlidir. 

Məsələn, “müəllim” sözünü mexaniki səhv edib “müəlim” yazmaq günah deyil. Amma kopirayter “töhfə” sözünü “tövhə” yazırsa, qələmi qırılmalıdır. Əgər həvəsi varsa, qırılmış qələmi yenidən itiləyib yazmağa başlayacaq.

Gördüyü işlərin bazar qiymətini və özünü dəyərləndirə bilməlidir. Özünü dəyərləndirərkən də dərk eləməlidir ki, o bu bazarda “Apple”dir yoxsa “Xiaomi”?

Daha çox oxumalı, araşdırmalı və müşahidə qabiliyyəti yüksək olmalıdır. Analiz etmə bacarığı olmalıdır. Hadisələrə hamının demək istədiyi tərzdə, amma heç kəsin ağlına gətirə bilməyəcəyi sadə sözlərlə yanaşmalıdır. 

Kopirayter olmağın ən yorucu, yaxud mənfi tərəfi nələrdir?

Film, poster və ya videolara zövq almaq üçün deyil,  “Buradan özüm üçün nə ideya çıxara bilərəm” gözü ilə baxmaq bəzən bu işi yorucu edə bilir. Amma yaratdığın işinlə fəxr edəcəksənsə, bu yorucu şeylər gözündə böyük görünmür.

Bu sahədə çalışmaq istəyənlərə nədən başlamağı tövsiyə edərdiniz?

Kopirayter olmaq istəyənlərə tövsiyəm odur ki, yumor hissinizi gücləndirin. Məncə yumor hissi olmayan insanlar dünyanın bütün kitablarını oxusalar da, filmlərini və reklamlarını izləsələr də kopirayter kimi istədikləri uğura çata bilməzlər.

Həmçinin oxu: Yaxşı kopirayter olmaq üçün nə etməli?

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

27.10.2022