Yazmağa başladığı ilk gündən gördüyü bütün işləri bir portfolioda cəmləşdirən kopirayter var? Tanıyırsınızsa, həmin qələm sahibinin adını qeyd edin. Əgər özünüzsünüzsə, səsinizi çıxarın, sizə birlikdə həsəd aparaq. 
Səliqəli və tam portfolio yığmaq doğrudan da həsəd aparılası işdir. Tətil çantası yığmaq qədər asan görünən bu iş illər sonra gözümüzə çətin görünər, hətta görünməyə də bilər. Hər yeri ələk-vələk eləsək də, o möhtəşəm işimizi tapa bilmərik. Təsəvvür edin ki, tətil üçün aldığınız sevimli köynəyi yola çıxmağa bir gün qalmış çanta hazırlayarkən tapa bilmirsiniz. Tətildə həmin köynəklə şəkil çəkdirə və onu heç kimlə bölüşə bilməyəcəksiniz. 

Niyə məhz "tətilə bir gün qalmış" dedim? Etiraf etmək lazımdır ki, portfoliomuz hər zaman tam hazır vəziyyətdə olmur. Bizdən tələb edildikdən sonra yığmağa başlayır və hər şeyi son günə saxlayırıq. Axtardığımız yaradıcılıq məhsulumuzu məhdud zaman ərzində əziyyətlə tapırıq, ya da heç tapa bilmirik. Tələsiyə düşüb paltar kimi birini götürürük, biri qalır. Bu səbəbdən gecikmiş portflolionu son gün yığılan tətil çantasına bənzədirəm.

Görülən işləri vaxtında bir yerdə toplasaq, bir gün qalmış əl-ayağa düşmərik və sapsız iynə kimi ortalıqda itmərik. İynə demişkən, bir atalar sözü yadıma düşdü: "Aləmi bəzər, özü lüt gəzər". Köhnə olmasaydı, deyərdim ki, portfoliosu olmayan kopirayterlər haqqında deyilib. Amma bu atalar sözünə arxalanıb rahatlanmamalıyıq. 

Aləmi bəzəyərkən, özümüzü də bəzəməliyik. Hansı ki, buna reklam dilində "selfbranding" deyilir. Yeni başlayan kopirayterlərə ilk tövsiyəm odur ki, yaradıcılığa başladığınız ilk gündən portfolionuzu yaradın və ən zəif hesab etdiyiniz işinizi belə orada toplayın. Çünki gələcəkdə həmin işlərə baxdıqda keçdiyiniz inkişaf yolunu və dəsti-xəttinizi görəcəksiniz. Zəif hesab elədiyiniz, köhnə ideyalarınız bəlkə də indi sizə daha yaxşı ilham verəcək və yeni yaradıcılıq plantasiyanızda toxum rolunu oynayacaq.

 

Müəllif: Tural Namazov, Kontakt Home şirkətində Copywriter

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

12.06.2022