Müasir dövrdə rəqəmsal aləmin sürətlə inkişafı bizneslərin uğur qazanması üçün rəqəmsal marketinq sahəsində yeniliklərə açıq olmasını zəruri hala çevirmişdir. Rəqəmsal marketinqin əsas istiqamətlərindən biri olan SEO isə brendlərin hədəf auditoriyalarına daha effektiv çatması üçün xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə biz SEO mütəxəssisi Yusif Maniyevlə maraqlı bir müsahibə apardıq. Yusif bəy söhbət zamanı yalnız SEO-nun texniki tərəflərinə deyil, həm də kontent strategiyası, istifadəçi təcrübəsi və rəqəmsal alqoritmlərin bizneslərə təsiri kimi aktual mövzulara da toxundu.
SEO mütəxəssisi ümumi olaraq veb saytların axtarış sistemlərində, məsələn, Google və Yandex kimi platformalarda daha yüksək sıralarda görünməsi üçün optimizasiya işləri aparan peşəkar şəxsdir. Onun əsas məqsədi saytın texniki quruluşunu, məzmununu və açar söz strategiyasını təkmilləşdirərək orqanik trafiki artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaqdır. SEO olmadan, veb saytın rəqəmsal mühitdə tanınırlığını artırmaq və potensial müştərilərə çatmaq çətin ola bilər. Buna görə də, hər bir biznes üçün peşəkar SEO mütəxəssisi ilə işləmək uğurlu onlayn strategiyanın əsas hissəsidir.
SEO nədir?
İstifadəçilər Google, Yahoo, Bing, Yandex və s. kimi axtarış sistemlərinə sorğu daxil etdikləri zaman, axtarış sistemləri onlar üçün ən əlaqəli və keyfiyyətli məzmunu ön sıralarda təqdim edir. SEO prosesi isə istifadəçilər əlaqəli mövzular üzrə axtarış etdikdə, axtarış sistemlərinin həmin saytları nəticələrdə daha yuxarı sıralarda göstərməsi üçün həyata keçirilir. Qısaca, SEO veb-saytların axtarış sistemlərində reklamsız, orqanik şəkildə ön sıralara çıxmasını təmin edən proseslər toplusudur. Proses çərçivəsində veb-sayt məzmunun optimallaşdırılması, açar söz araşıdrması, texniki optimizasiya, istifadəçi təcrübəsinin yaxşılaşdırılması və s. kimi fəaliyyətlər həyata keçirilir. Yaxşı aparılmış SEO strategiyası sayəsində sayt həm axtarış motorlarının, həm də potensial müştərilərin diqqətini cəlb edir. Nəticədə, biznesin onlayn tanınmasını və satış imkanları əhəmiyyətli dərəcədə artır.
Seo mütəxəssisi nə iş görür?
SEO mütəxəssisinin əsas vəzifəsi veb-saytın axtarış sistemlərində görünürlüğünü artırmaqdır. O, açar söz araşdırması apararaq məqsədli auditoriyaya uyğun kontent strategiyası qurur. Məzmun strategiyası mövcud mətnlərin yenilənməsi, yeni məqalələrin yaradılması və açar sözlərə əsaslanan optimallaşdırılmış yazıların hazırlanmasını əhatə edir. Düzgün hazırlanmış məzmun strategiyası həm auditoriyanı məlumatlandırır, həm də saytın mövqeyini gücləndirir. Bundan əlavə, o, texniki SEO işlərini də həyata keçirir. Texniki SEO-ya saytın yüklənmə sürətinin artırılması, mobil uyğunluğun təmin edilməsi, istifadəçi təcrübəsinin yaxşılaşdırılması aiddir. Sayt üçün backlink strategiyasının qurulması da SEO mütəxəssisinin öhdəlikləri arasındadır.
SEO prosesi davamlı nəzarət və təhlil tələb edir. Bu mərhələdə SEO mütəxəssisi Google Search Console və digər izləmə alətləri vasitəsilə saytın trafiki, istifadəçi davranışları, açar söz sıralamaları və geri dönüş nisbətlərini təhlil edir. Toplanan məlumatlar əsasında hesabatlar hazırlanır və gələcək inkişaf üçün strateji təkliflər verilir.
SEO mütəxəssisinin hansı bacarıqları olmalıdır?
Uğurlu bir SEO mütəxəssisi axtarış sistemlərinin iş prinsipini yaxşı bilməli və vebsaytı bu prinsiplərə uyğun şəkildə optimallaşdırmalıdır. Açar sözlərin semantik əlaqələrini və istifadəçi niyyətini təhlil edərək kontent strategiyasını elə qurmalıdır ki, məzmun həm axtarış sistemləri, həm də auditoriya üçün dəyər yaratsın. Bununla yanaşı o, texniki SEO işlərini də həyata keçirməlidir. Əlavə olaraq, o, bir sıra analitika alətləri ilə məlumatları təhlil edib onlardan düzgün nəticə çıxarmağı da bacarmalıdır.
Uğurlu bir SEO mütəxəssisi olmaq üçün yalnız texniki biliklərə sahib olmaq kifayət deyil. Bu peşə həm də analitik düşünmə, məlumatları düzgün təhlil edilməsi və strateji qərarlar vermə kimi bacarıqların mövcudluğunu da tələb edir. Ən əsası, SEO mütəxəssisi davamlı öyrənməyə açıq olmalı və axtarış sistemlərinin daim dəyişən alqoritmlərinə uyğunlaşmağı bacarmalıdır.
Necə SEO mütəxəssisi olmaq olar?
SEO mütəxəssisi olmaq istəyən hər kəs ilk növbədə həvəsli və yenilikçi olmalıdır. Bu sahə daim inkişaf etdiyi üçün mütəxəssis yeni trendləri izləməli və öyrənməyə açıq olmalıdır. Bundan əlavə, rəqəmsal marketinq haqqında ilkin biliklərə malik olmaq böyük üstünlükdür. Nəzəri biliklərlə yanaşı, araşdırma aparmaq, kurslara qatılmaq və öyrəndiklərini tətbiq etmək də vacibdir. Təcrübə qazandıqca real layihələr üzərində işləmək, nəticələri analiz etmək və strategiyaları təkmilləşdirmək mümkündür.
SEO mütəxəssisinin gəliri nə qədər olur?
SEO mütəxəssisinin qazancı bir çox amildən asılı olaraq dəyişir. Ən əsas faktor onun peşəkarlıq səviyyəsi, təcrübəsi və işlədiyi bazarın tələbləridir. Yeni başlayan SEO mütəxəssisləri adətən daha kiçik layihələr üzərində işləyir və qazanc səviyyəsi buna uyğun olaraq aşağı olur. Lakin təcrübə artdıqca, biliklər dərinləşdikcə və uğurlu nəticələr əldə edildikcə gəlir də əhəmiyyətli dərəcədə yüksəlir.
Azərbaycan bazarında SEO xidməti üçün olan tələbat getdikcə artır. Bu sahədə gəlirlər, adətən, aylıq 500 manatdan başlayır, lakin mütəxəssisin bacarığına, işlədiyi layihələrin miqyasına və gördüyü işlərin nəticələrinə görə 2000 manata və ya daha yuxarı səviyyələrə çata bilər. Freelancer kimi çalışan SEO mütəxəssisləri bir neçə müştəri ilə eyni anda işlədikdə, gəlirləri bundan da çox ola bilər. Beynəlxalq miqyasda fəaliyyət göstərən SEO mütəxəssisləri isə daha yüksək qazanc imkanlarına sahibdirlər.
Ümumilikdə, SEO mütəxəssisinin gəliri sabit deyil, lakin bu sahədə davamlı öyrənən, yenilikləri tətbiq edən və nəticələr əldə edən mütəxəssislər üçün gəlir potensialı çox yüksəkdir. SEO-nu bir peşə kimi seçən şəxs üçün bu, həm yaradıcı, həm də maliyyə baxımından gəlirli bir karyera istiqaməti ola bilər.
SEO mütəxəssisi olmaq gələcək üçün perspektivlidir?
SEO mütəxəssisi olmaq bu günün və gələcəyin ən perspektivli peşələrindən biridir. Rəqəmsal dünya sürətlə inkişaf etdikcə, şirkətlər onlayn tanınırlığını artırmaq üçün SEO mütəxəssislərinə daha çox ehtiyac duyur. Axtarış sistemlərində yüksək sırada olmaq biznesin uğuru üçün əsas amillərdən biridir və bu da SEO biliklərinə malik şəxsləri dəyərli edir. Süni intellekt və yeni texnologiyalar SEO sahəsini dəyişsə də, analitik düşüncə və strategiya qurmaq bacarığı hər zaman tələb olunacaq. Bu sahədə davamlı öyrənmək və yeniliklərə uyğunlaşmaq böyük üstünlük yaradır. Buna görə də, SEO mütəxəssisi olmaq gələcək üçün həm sabit, həm də gəlirli bir karyera istiqamətidir.
