LOR cərrahı kimdir və bu sahə nələri əhatə edir? Qulaq, burun, boğaz və üz cərrahiyyəsində ixtisaslaşan Dr. Azər Əbilzadə öz təcrübəsi və baxış bucağı ilə bu suallara aydınlıq gətirir. Onunla ixtisasın çətinlikləri, motivasiyası və gənc həkimlər üçün tövsiyələri barədə danışdıq.

Özünüzü necə təqdim edərsiniz? Lor Cərrah kimdir və nə iş görür?

Mən Dr. Azər Ebilzade — qulaq, burun, boğaz və üz-estetik cərrahıyam. LOR cərrahı insanın nəfəs alması, eşitməsi, səsi və üz harmoniyası ilə əlaqəli problemləri diaqnoz edən və cərrahi yolla müalicə edən həkimdir. Bu sahə həm funksional, həm də estetik baxımdan insan həyat keyfiyyətini yüksəltməyə yönəlib. Mənim üçün hər əməliyyat — həm tibbi dəqiqliyin, həm də incə estetik hissin birləşdiyi sənət işidir.

Bu ixtisasa gəliş hekayəniz nədir? Sizi ən çox nə motivasiya etdi?

Uşaqlıqdan insanlara kömək etmək, həm də incəlik tələb edən bir sənətlə məşğul olmaq istəyi məni tibbə gətirdi. Tibb təhsilimin ilk illərindən üzün anatomiyası və rinoplastika əməliyyatları məni cəlb edirdi. Bu ixtisasa məni ən çox motivasiya edən isə insanların həyatında hiss olunan dəyişiklikləri, rahat nəfəs almanın və güvənli gülümsəmənin gətirdiyi xoşbəxtliyi görmək idi.

 

Gündəlik işinizin tipik bir günü necə keçir?

Səhərlər xəstələrimi qəbul edir, əməliyyat öncəsi konsultasiyalar və planlamalar aparıram. Günün ikinci yarısı əməliyyatlarla keçir — rinoplastika, sinus cərrahiyyəsi, göz qapağı və üz gərmə kimi prosedurlar. Axşam saatlarında isə pasiyent izləmələri, tədqiqat işləri və elmi məqalələr üzərində çalışıram. Mənim üçün hər gün həm öyrənmək, həm də yaratmaq günüdür.

Lor Cərrah olmağın çətinlikləri nələrdir?

Ən böyük çətinlik həm funksional, həm də estetik nəticəni eyni anda təmin etməkdir. Hər pasiyentin anatomiya quruluşu fərqlidir və bu da individual yanaşma tələb edir. Həmçinin, pasiyentin gözləntilərini düzgün anlamaq və realist nəticə vermək çox incə balans tələb edir. Bu, həm elm, həm sənət, həm də empati məsələsidir.

Uğurlu LOR Cərrahını fərqləndirən xüsusiyyətlər hansılardır?

Uğurlu LOR cərrahı yalnız texniki bacarığı ilə deyil, həm də estetik zövqü, səbr və detallara diqqəti ilə seçilir. Elmə maraq, davamlı təhsil, texnologiyaları izləmək və pasiyentlə etibarlı münasibət qurmaq - bunlar bu peşənin əsas dayaqlarıdır.

Pasiyentlərlə işləməyin çətinlikləri nələrdir?

Pasiyentlər bəzən yalnız estetik nəticəyə fokuslanır, amma bizim işimiz funksiyanı da qorumaqdır. Hər bir xəstənin fərqli psixoloji yanaşması olur — bəzən gözləntiləri real çərçivəyə salmaq, bəzən isə əməliyyatdan sonrakı dövrdə onları dəstəkləmək lazımdır. Bu, həm peşəkarlıq, həm də insanlıq tələb edən məsələdir.

LOR Həkimi olmaq istəyənlərə tövsiyələriniz nələrdir?

Əgər bu sahəni seçirsinizsə, səbirli, diqqətli və öyrənməyə açıq olun. Anatomiyanı sevin, texnologiyaları izləyin və hər xəstəni bir insan kimi dəyərləndirin. Cərrah olmaq üçün bilik kifayət deyil — incə zövq, məsuliyyət və mərhəmət də lazımdır.

 

20.10.2025