Komandanıza yeni bir işçi qatıldıqda, yalnızca iş prosesləri deyil, eyni zamanda komanda daxilindəki balanslar da sürətlə dəyişir. Həm yeni gələn şəxsin uyğunlaşması, həm də komandanızın bu prosesi dəstəkləməsi olduqca kritikdir. Bəs bu adaptasiya prosesini ən effektiv şəkildə idarə etmək üçün nələr etməlisiniz?

Komandanıza yeni bir işçi qatıldıqda bir çox hadisə eyni anda baş verir:

  • Komandanın dəyərləri və iş qaydası ona çatdırılmağa başlayır
  • Yeni işçi öz dəyərləri ilə gəldiyi yerdəki dəyərləri daim müqayisə edir
  • İşin öyrənilməsi ilə bağlı əsas suallar-cavablar başlayır
  • Yeni işçi utancaqlığını atmaq üçün fürsətlər tapır və öz sərhədlərini çəkməyə başlayır
  • Komandadakı digər işçilər bu yeni şəxsə öz münasibətlərini formalaşdırırlar

Komanda rəhbəri olaraq bu nöqtədə ciddi bir məsuliyyətiniz var. Bunu bilirsiniz ki, komandanız sizin yaratdığınız iş mühiti, ünsiyyət və iş üslubu ilə işləyir. Hər şeyin sizdən soruşulduğu və əsasən “əmr” tonunda ünsiyyət qurulan bir komanda yaratmışsınızsa, yeni gələnlər də bu “mədəniyyətə” qısa müddətdə uyğunlaşacaq və ya gedəcəklər. Yeni işçinin qəbulu ilə bağlı bəzi məqamları qeyd edək.

Qiymətləndirmə

Komandanıza qoşulmaqda olan işçinin işə qəbul görüşlərində iştirak etdiyinizi nəzərə alın. O görüşlərdən əlbəttə ki, bəzi təəssüratlarınız olmuşdur. Bunun üzərində mütləq bir qiymətləndirmə aparmanızı və bunu sənədləşdirməyinizi tövsiyə edirəm. Bundan əlavə, həftədə bir dəfə edəcəyiniz fərdi görüşlərin çox faydası olacaqdır.

  • Peşəkar bacarıqlar baxımından ətraflı müzakirə apara bilərsiniz, şəxsin müəyyən mövzularda təcrübəsi və biliyi nə qədər yetərlidir?
  • Əvvəlki iş yerində iş üslubları ilə bağlı fikirlərini alıb, fərqlilikləri müəyyən edə bilərsiniz.
  • Şirkətdə tanıdığı kimlər var, onu kimlərlə tanış edə bilərsiniz, bazardan və ya mühüm şəxslərdən gətirəcəyi əlaqələr kimlərdir?

Öyrənmə

Ona məlumatı necə aldığını, ən rahat necə öyrəndiyini, yeni bilikləri necə həyata keçirdiyini soruşa bilərsiniz. Beləcə, başdan öyrənmə asanlığı təmin edə bilərsiniz. Məlumatı necə qeyd etdiyini, oxşar vəziyyətdə necə tapıb çıxardığını və oxşar bir vəziyyətdə o öyrəndiyi məlumatı necə tətbiq etdiyini izləyin. Səhvlər olacaqdır, baş verdikdə mühakiməedici şəkildə deyil, həll yolunu onun tapmasına imkan verəcək suallarla irəliləməyiniz tövsiyə edilir. Ünsiyyət bacarıqları ilə bağlı ilk tapşırıqlarınızda yanında ola bilərsiniz. Məsələn, bir müştəri və ya təchizatçı və ya bankla görüş olacaqsa, bu görüşdən əvvəl məqsədinin nə olduğunu, danışdığı şəxsin əsas xüsusiyyətlərini, gözlənilən yanaşmanı onunla paylaşmanız doğru olardı. Bəzi insanlar bu məsələdə çox bacarıqlı ola bilərlər, sizin söylədiyinizdən üstün bir nəticə də göstərə bilərlər. Belə olarsa, tərifləməyi unutmayın. Öyrənmə prosesində  uğurları görüb kiçik addımlarla da olsa təqdirinizi göstərin. Daha yaxşı ola biləcək məqamları da əvvəlcə ona soruşun, sonra öz fikrinizi bildirin. Yeni gələn işçidən fərqli bir fikir, bir üsul, bir strategiya təklifi gəldikdə, “Biz bu işi burada belə edirik” cümləsinin arxasında gizlənərək bu təklifi dərhal rədd etməyin. Onun təklif və fikirlərinə hörmət etməyiniz sonrakı əlaqəniz üçün müəyyənedici olacaqdır. Bu mövzuda səmimiyyətinizi gördükdə o da “gerçək” düşüncələrini paylaşmağa başlayacaq.

Tapşırıq vermə

Yeni işə başlayan bir işçi üçün kritik proseslərdən biri tapşırıqların verilməsi (delegasiya) prosesidir. Həm öyrənmə, həm də azadlıq bu işin əsas parçasıdır. Tapşırıq verərkən işi izah etməyə və öyrətməyə adi haldan daha çox vaxt ayırmanız dəyərli olar. Aradakı qiymətləndirmə məqamlarını da ilk zamanlarda tez-tez  müəyyənləşdirmək yaxşı ola bilər. Beləliklə, ilk qiymətləndirmə görüşündə gedilən istiqamətdə problem varsa, düzəltmək imkanı olar. İlk tapşırıqlarda işi “əmr” kimi müəyyənləşdirərkən, zaman keçdikcə “çatmaq istənilən” hədəfi təyin edib “necə” hissəsini yeni işə başlayan şəxsə buraxa bilərsiniz. Bu keçidlər zamanı risksiz kiçik layihə və işlərlə sınaqlar aparmanız uyğun olar. İş bitdikdən sonra iş keyfiyyətini ondan soruşun, nəyi başa düşdüyünü birlikdə müzakirə edin. “Sən belə etmisən, biz burada belə edirik” dediyiniz hallarda da ondan yeni və fərqli fikir istəyin. Ola bilsin, sizin ənənəvi üsulunuzdan daha yaxşı bir şey təklif edəcək. Zamanla tapşırıq vermə səviyyəsini daha sərbəst bir sahəyə doğru irəlilədin, bu dövrdə qiymətləndirmə görüşləri ilə nəzarətə davam edin. Daha əvvəl danışdığınız bir məsələ yenə də səhv edilirsə, yenidən izah edə bilərsiniz, məhz haranın başa düşülmədiyini soruşa bilərsiniz. Bu barədə davamlılıq müşahidə etdiyinizdə şəxsin öyrənmə və tətbiq bacarıqları haqqında fikriniz formalaşa bilər.

Sosial həyat

Bu məcburi olmayan, lakin faydalı ola biləcək digər bir işiniz ola bilər. Yeni işçi ilə sosial mühitləriniz uyğun gəlməyə bilər, dost çevrəniz fərqli ola bilər. Bu halda da onun şirkət daxilində fərqli dostlar tapmasına dəstək ola bilərsiniz. Digər şöbələrdən tanıdıqlarınıza növbəti fəaliyyətə yeni işçini dəvət etmələrini rica edə bilərsiniz. Siz bir fəaliyyət təşkil etdiyinizdə də təbii ki, bunun sosiallaşmağa, isinişməyə, paylaşmağa töhfəsi olacaqdır.

16.10.2024