Sadə faktları və rəqəmləri əzbərləməyə lüzum qalmayacaq

Elm və texnologiyaların görünməmiş sürətlə inkişafı bəşəriyyətin gələcəyi haqqında proqnozları bir trendə çevirib. Bir sıra alimlər bu qənaətdədirlər ki, insan qlobal dəyişikliklər astanasındadır. Bir qrup tarixçi hətta belə bir ehtimal irəli sürür ki, “homo sapiens” özünün son yüzilliyini yaşayır. Bütün bu öncəgörmələrin bir qaynağı var – süni intellekt. Futuroloqlar düşünürlər ki, insan beyninin məhsulu olan süni intellekt o qədər inkişaf edəcək ki, sapiensin özünü tarixin səhnəsindən sıxışdırıb çıxaracaq. Bu ssenarinin optimist və pessimist ardıcılları var. Birincilər güman edirlər ki, insan süni intellektlə daha da güclü olacaq və indiyədək aşılmayan üfüqləri fəth edəcək. İkincilər isə ehtiyat edirlər ki, süni intellekt insanı bütün fəaliyyət sferalarından sıxışdırıb çıxaracaq.

Dünyaca məşhur futuroloq və fizik, yapon əsilli amerikalı alim Mitio Kaku özünün “Fizikanın gələcəyi”, “Əqlin gələcəyi” və “Mümkün olmayanın fizikası” kitablarında insanın gələcəyi və süni intellekt mövzularına geniş yer ayırır.

Robotlar və onlardan istifadə qaydaları

Kaku hesab edir ki, yeni onillik ərəfəsində ən mühüm texnoloji nailiyyət süni intellektdir. Eyni zamanda, nanotexnologiyalar, biotexnologiyalar və molekulyar səviyyədə ixtiralar diqqət mərkəzində olacaq. Artıq bu gün həkimlər “ağıllı eynək”lər vasitəsilə edilən əməliyyatlar zamanı internetdən yararlanırlar. Həmin eynəklərə pasiyentlərin xəstəlik tarixçəsi, MRT nəticələri və rentgen göstəriciləri yüklənib. Növbəti mərhələ “Robodoc” proqramıdır ki, həkimlər internet vasitəsilə xəstələri müalicə edə biləcəklər. İndi biz həkimlərin qəbulunda, analiz növbələrində saatlarla vaxt itiririk, gələcəkdə isə bütün bunlar internet vasitəsilə mümkün olacaq.

Söhbət yalnız tibb sahəsindən getmir. Götürək elə hüququ. Təsəvvür edin ki, hansısa xarici ölkədə avtomobillə qəzaya düşmüsünüz. Hüquqi prosedurları yoluna qoymaq üçün vəkilə ehtiyac olmayacaq. Mitio Kaku bu prosesi belə görür: “Biləyinizdə “ağıllı saat” olacaq, bütün dövlətlərin hüquq sahəsindəki sənədləri müxtəlif dillərdə həmin saatlara yüklənəcək. Şərti adı “Qlobal vəkil” olan bu proqram vasitəsilə siz hüquqa dair nə çətinlikləriniz var, öhdəsindən gələ biləcəksiniz. Belə kompüter və robotlar sizə bütün sferalarda köməklik göstərəcəklər. Bina tikintisindən tutmuş universitetlərdəki dərslərinizədək”.

İndi bizim masamızın üstündə müxtəlif kompüterlər, planşetlər, noutbuklar və smartfonlar var. Ancaq nəyə lazımdır bütün bunlar? Onların hamısını bir qurğu əvəzləyəcək. Fərq sadəcə ekranın ölçüsündə olacaq. Özü də tək telefonlar deyil, tutaq ki, divar kağızları da “ağıllı” olacaqlar. Biz indi heyfslənirik ki, divara yapışdırdığımız gözəl kağızlar çirklənib, yaxud cırılıb. Gələcəkdə belə olmayacaq, divar tək bəzək deyil, həm də süni intellekt üçün olacaq: “Məsələn, səhər saat 4-də sinənizdə ağrı hiss edəcəksiniz. Görəsən, mənə nə olub? İnfarkt oluram, yaxud dünən arzuolunmaz nəsə yemişəm? Həkimə müraciət etmək lazım deyil, sizin “Robodoc”unuz divarda olacaq. Sadəcə, deyəcəksiniz “məni həkimimlə əlaqələndir”.

Kaku düşünür ki, artıq 2020-ci ildə biz pilotsuz avtomobillərdən istifadə edəcəyik. Narahat olmayacağıq ki, maşını kim sürür, hara sürür. Park etmək lazımdır? Sadəcə, deyəcəyik ki, “park et!” Avtomobil özü harada lazımdır dayanacaq. Futuroloqa görə, ola bilsin, tezliklə insanların çoxu avtomobil almaqdan imtina edib, icarə şirkətlərinə üz tutacaq. Kaku istisna etmir ki, yaxın gələcəkdə robot sənayesi avtomobil sənayesini kölgədə qoyacaq: “Bizim avtomobilimiz də robot olacaq. Onunla söhbət edəcəyik, mübahisəmiz olacaq, günün planını birgə quracağıq. Bir də vacib bir məqam – avtomobillər tezliklə uçmağı öyrənəcəklər”. Başqa sözlə, “Transformerlər” filmində gördüklərimiz reallığa çevriləcək.

Robotlar və əmək bazarı

Bir sıra peşələr qeyb olacaq. Robotlar demək olar eyni hərəkətləri təkrarlayan peşə sahiblərini əvəzləyəcəklər. Vasitəçilərə – brokerlərə, xəzinədarlara, mühasiblərə də ehtiyac olmayacaq. Vəkilin çoxsaylı köməkçilərinin gördükləri işləri kompüterlər edəcək. Amma vəkilin özünü əvəzləmək mümkün olmayacaq, onlar insanlarla, hakimlərlə ünsiyyətdədirlər. Bu işi robot insandan yaxşı görə bilməz.

Kakuya görə, robotların 3 məhdudiyyəti var. Birincisi, insanlarla ünsiyyətə aiddir. Kommunikasiya və etimada əsaslanan istənilən iş insanın iştirakını tələb edir. İkincisi, müxtəlif model və şablonların tanınmasıdır. Robot bu işi yaxşı bacarmır. Məsələn, onun qarşısında masa olanda, o, bu əşyanı sadəcə kvadrat, yaxud üçbucaq kimi qəbul edir. Ancaq masanın nə olduğunu anlamır. Üçüncüsü isə əql. Biz ana ilə qızını fərqləndirə bilirik. Yaxud bilirik ki, su yaşdır, quru deyil. Robotlar bunu anlamırlar.

Bir çoxları düşünür ki, robotlar işdə kütləvi istifadə olunmağa başlayanda işini ilk itirən təmizlikci və tullantı toplayan olacaq. Əslində isə belə deyil. Robot nəyin yararlı, nəyinsə tullantı olduğunu fərqləndirə bilmir. Robot toplaya bilər.

İşi robot tərəfindən alınmayacaq peşələrdən biri də bağbandır. O, bitkilərlə işləyir. Bitkilər isə müxtəlif xarakterlidirlər. Gözəl gül və lazımsız alaq var. Onların hər ikisi botlar üçün sadəcə bitkidir. Bütün bunlar göstərir ki, insan üçün gələcəkdə iki növ fəaliyyət sferası olacaq: robotların yerinə yetirə bilməyəcəkləri aşağı kvalifikasiyalı işlər və intellektual kapitalın sərf olunacağı sahələr. İntellektual kapital nə deməkdir? Məntiq, liderlik bacarığı, innovasiyalar və kreativlik. Vaxtilə Böyük Britaniyanın baş naziri Toni Bleyer deyirdi: “Britaniya rok-n-rolldan daha çox pul qazanır, nəinki daş kömürdən. Çünki kömür xammaldır, qiyməti enir və qalxır. Rok musiqisi isə intellektual məhsuldur, qiyməti sabitdir”.

Tezliklə biz yalnız öz adi həyatımızda deyil, həm də əlavə olunmuş reallıqda yaşayacağıq. Biz həmsöhbətimizlə ünsiyyətdə olarkən onun barəsində bütün məlumatları görə biləcəyik. Elm, dizayn, mühəndis layihələndirməsi – bütün bunların hamısı gələcəkdə virtual və əlavə olunmuş reallıqla bağlı olacaq. Daha sadə izah: təsəvvür edin ki, getmisiniz Romaya. Müasir Romanı görürsünüz, ancaq qədim vaxtlarda şəhər necə olub, bilmirsiniz. Tez əlavə olunmuş reallıq eynəklərinizi işə salacaqsınız və keçmiş gözlərinizin önündə canlanacaq.

Hazırda virtual və əlavə edilmiş reallıq sahəsində bir problem mövcuddur: bir var göz nələri görə bilər, bir də var beyin hansı informasiyanı həzm edər və nə qədər. Ancaq əgər xüsusi çip eynəyə deyil, kontakt linzalarına yerləşdirilərsə, bu problem də həllini tapa bilər. Məsələn, linzalardakı çiplər vasitəsilə siz dərhal internetə daxil ola bilərsiniz, bunun üçün sadəcə gözləri açıb yummaq kifayət edəcək.

Bilirsiniz bu çiplər daha çox kimlərin marağına səbəb olacaq? Bəli, tələbələrin. Təsəvvür edin, göz açıldı və yumuldu, imtahanın bütün suallarının cavabları sizdədir. Məhz buna görə də Kaku hesab edir ki, təhsilə bütövlükdə münasibət və yanaşma dəyişməlidir. Biz artıq tələbəni məlumatları yadda saxlamağa məcbur edə bilmərik və etməməliyik də. Misal üçün, Mendeleyevin cədvəlini. Çiplər olandan sonra əzbərləməyə nə ehtiyac var? Bu, o deməkdir ki, gələcəkdə təhsil elə konsepsiya və prinsiplər ətrafında formalaşacaq ki, sadə faktları və rəqəmləri əzbərləməyə lüzum qalmayacaq. İnsan hər yerdə və hər zaman hədsiz informasiya çıxışlarına malik olacaq. Bu texnoloji ixtira hesabına xarici dil bilgisi də lazımsız məşğuliyyətə çevriləcək. Siz bir əcnəbi ilə üz-üzə söhbət edərkən onun yanında dediklərinin titrlərdə tərcüməsini görə biləcəksiniz.

İdeal kapitalizm və uzunömürlü insan

Bizi indi hər an aldada bilərlər. Dükanda, küçədə. Ancaq gələcəkdə belə olmayacaq. Biz həmin çiplər vasitəsilə marketə girib hər bir məhsul barədə, onun istehsal tarixindən tutmuş tərkibinədək hər bir məlumata malik ola biləcəyik. Ancaq mal istehsalçıları da bizim barəmizdə xəbərdar olacaqlar. Bəşəriyyət ideal kapitalizm epoxasına qədəm qoyur.

Rəqəmsallaşmanın insan ömrünün uzanmasına təsiri mövzusuna bir neçə dəfə toxunmuşuq. Mitio Kaku düşünür ki, bədənimizə yeridilmiş çiplər vasitəsilə hansı orqanımızda nə problem varsa, aşkarlanacaq və robotlar tərəfindən əməliyyat olunacağıq. Gələcəkdə kompüterlər bədənimizə qoşulacaq və real vaxt rejimində qanımızın tərkibi öyrəniləcək.

İnsan bədənində xərçəng şişinin peyda olması üçün 10 min xərçəng toxumasına ehtiyac var. Ola bilsin ki, artıq o toxumadan biri kimdəsə mövcuddur. Ancaq nəticə 10, yaxud 20 ildən sonra ortaya çıxacaq. Bu ildən etibarən istifadə olunacaq yeni texnologiya imkan verəcək ki, həmin o bir toxumanı tapmaq mümkün olsun. Yenilik kommersiya məqsədilə istifadəyə verilir. Tezliklə insan müxtəlif orqanlarından tutmuş, dərisinə və sümüklərinədək hər şeyi dəyişməyə müvəffəq olacaq.

İnsan getdikcə qocalmanın da səbəb və sirlərinə yiyələnir. İndi məlum olur ki, bizim qocalmağımız genetik səhvlərin məcmusudur. İnsan elə texnologiyalar kəşf edəcək ki, həmin o genetik səhvləri düzəldə biləcək və insan ölümün çarəsini tapacaq.

Kaku proqnozlaşdırır ki, gələcəkdə interneti breynnet əvəzləyəcək. İndi biz rəqəmsal informasiya mübadiləsi edirik. Gələcəkdə emosiyalar, hisslər, xatirələri bölüşəcəyik. İndi gənclər yazışarkən cümləyə müxtəlif smayllar yerləşdirirlər. Hisslərini bu yolla bürizə verirlər. Bir az sonra virtual həmsöhbətə emosiyanın özü göndəriləcək. 50 ildir insan kinoya baxır. Daha doğrusu, səsli kinoya. Səssizdən səsliyə keçid kino sahəsində böyük bir inqilab sayılırdı. Gələkdə isə film insana səs deyil, hisslər və emosiyalar ötürəcək.

Tezliklə insan rəqəmsallaşdırılacaq. Yəni onun haqqında bütn məlumatlar rəqəmsal patternlər şəklində daima qalacaq. Hazırda Amerikanın “Silikon vadi”sində bir şirkət insanın tam oxşar rəqəmsal versiyasının yaradılması ilə məşğuldur. Bu, nə deməkdir? Elə bir robot yaradılır ki, həm görünüşcə, həm hərəkətləri ilə həmin insanın bənzəri olur. Təsəvvür edin ki, gedib kitabxanada Napoleon haqqında kitab oxumaq əvəzinə oturub onun özü ilə söhbət edirsiniz. Bu texnologiya yaxın gələcəkdə tam təkmilləşsə, bizim nəvə və nəticələrimiz barəmizdə qalan genetik rəqəmsal informasiya vasitəsilə bizi “canlandıra” biləcəklər. Bu artıq fəlsəfi sualdır ki, rəqəmsal oxşarımız bizik, ya yox. Kaku əmindir ki, bu texnologiyaya tələbat olduqca çox olacaq, çünki insanlar rəqəmsal formatda olsa da, daima yaşamaq istəyəcəklər.

Robotlar özlərini dərk etsələr, nələr olacaq?

Kakunun qənaətinə görə, süni intellektlə bağlı ən ciddi sual məhz budur. Yaxud sualı belə qoyaq: onlar nə vaxt bizim üçün təhlükəli olacaqlar?

“Gəlin robotlarla heyvanları müqayisə edək. Hazırda dünyanın ən ağıllı robotu Yaponiyada istehsal olunmuş Asimodur. Mən onunla bir çox verilişlərdə olmuşam və yaradıcılarından soruşmuşam ki, o nə qədər ağıllıdır? Mənə cavab veriblər ki, Asimonun intellekti tarakan intellektinə bərabərdir. Getdikcə onun intellekti gəmiricilər, pişik, it, ola bilsin, əsrin sonlarında meymun intellekti ilə eyniləşsin. Bax, bu halda robot təhlükəli olacaq. Meymunlarda özünüdərk mövcuddur. Onlar anlayırlar ki, meymundurlar və insanlarla fərqli maraqları var. İtlər bunu bilmirlər, onlar düşünürlər ki, biz də itik. Ona görə gəlib bizimlə oynayır, üz-gözümüzü yalayırlar. Meymunlarda isə illüziya yoxdur, onlar bilirlər ki, meymundurlar. Nə vaxt robot intellekti meymun intellektinə bərabər olacaq, bax, həmin anda biz onların beyninə elə bir çip yerləşdirməliyik ki, qətl barədə düşünə bilməsinlər” – deyə M.Kaku deyir.

Bəs robotlar başa düşsələr ki, həmin çipləri çıxarmaq olar, insan onda nə etməlidir? Futuroloq deyir ki, robotlar bu qənaətə XXII əsrdən tez gələ bilməyəcəklər. Gəlsələr, çıxış yolu onlarla birləşməkdir: “Gəlin superinsanlar olaq. Biz oxşarımız olan avatarlardan yararlana bilərik. Universal kompüterin içində oturub həmin avatarları idarə edərik. Bütün qalaktikanı, planetləri gəzib dolaşıb, araşdırmaq olar. Gəlin cəhd edək”.

Mənbə: “Azərbaycan müəllimi” qəzeti
Müəllif: Rüstəm Qaraxanlı

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

14.07.2020