Yüksək texnologiyalar cəmiyyətdə kəskin təbəqələşmə vəd edir

Nanotexnologiyalar üzrə ekspert, futuroloq və yazıçı Roy Sezana hesab edir ki, yaxın illərdə cəmiyyətdə varlılarla kasıblar arasında kəskin təbəqələşmə və orta sinfin tamamilə sıradan çıxmasını müşahidə edəcəyik. Kreativlik heç kimi xilas etməyəcək. Bu, biz düşündüyümüzdən və gözlədiyimizdən də tez baş verəcək və heç kim bilmir nə ilə nəticələnəcək. İsrail əsilli amerikalı alim R.Sezana Təl-Əviv Universitetinin Kiber araşdırmalar və ABŞ-ın Braun Universitetinin “The Humanity Centered Robotics İnitiative” mərkəzlərində işləyir. İsrailin “Haaretz” qəzetinə müsahibəsində artan avtomatlaşma və robotlaşma barədə fikirləri ilə bölüşən alim gələcəyə dair pessimist görüşlərini gizlətmir.

Gələcəkdə bizləri nə gözləyir və ya bizim gələcəyimiz necə olacaq? Hazırda futuroloqları ən çox düşündürən suallar məhz bunlardır. Əgər onlardan bir qismi gözləmədiyimiz sürətlə inkişaf edən robot və süni intellekt texnologiyalarının bəşəriyyətin xeyrinə işləyəcəyini iddia edir və yeniliklərdən qorxmağın əbəs olduğunu düşünürlərsə, qarşı cəbhənin təmsilçiləri gələcəyə dair mənzərəni tünd çalarlarla təsvir edirlər. Görünür, R.Sezana da özünü məhz ikincilərə aid edir.

İnsanlar tərəqqidən əziyyət çəkirlər

Sezana hesab edir ki, əmək bazarında təbəqələşmə getdikcə artacaq və bunun başlıca səbəbi robotlaşma olacaq. Çünki intellektual maşınları yalnız imkanlı şəxslər əldə edə biləcəklər, kasıblar isə yox. “Daha dərin və maraqlı suallar köhnə peşələrin sıradan çıxması və yenilərin peyda olması ilə bağlıdır. Yeni iş yerlərinin yaranmasına tələbat və yeni bacarıqları təmin edən problemlər hansı sürətlə meydana çıxacaq? Bax, ən maraqlısı budur”, – deyə Sezana təəccüblənir. Bu gün cəmiyyətin gələcək arxitekturasından danışan bir sıra alim və ekspertlər hesab edirlər ki, insana məxsus kreativlik, empatiya və adaptasiya olunmaq bacarığı onu xilas edəcək. Məsələn, çinli milyonçu Cek Ma düşünür ki, yaxın illərdə robotlar insanların peşələrini əllərindən alsalar da, bacarıqlı və yaradıcı şəxslər çətin vəziyyətdən çıxış yolu tapmağa müvəffəq olacaqlar

Sezana isə əmindir ki, bu düstur hamı üçün yararlı olmayacaq: “Əlbəttə, elə insanlar var ki, istənilən yaşda yeni nəsə öyrənə, yeni bacarıqlara yiyələnə bilir. Ancaq belələri nə qədərdir? 50 yaşdan yuxarı olanların böyük qismi artıq düşünür ki, ömür boyu əziyyət çəkiblər və indi bu cəhdlərinin məhsulunu dərmək vaxtı yetişib. Axı bütün həyatları boyu məhz bu illər üçün çalışıblar”.

İsrailli alimə görə, texniki sahələrin mütəxəssisləri gələcəkdə yüksək məvacib alacaqlar. Aşağı kvalifikasiyaya malik şəxslər isə az maaşla kifayətlənməli olacaqlar. Sezananın fikrincə, ildən-ilə avtomatlaşma nəticəsində orta təbəqənin təmsilçiləri iş yerlərini itirirlər və bu onunla nəticələnir ki, cəmiyyət yüksək və aşağı maaş alan şəxslərdən ibarət olmağa başlayır. “Əvvəllər min nəfərin işlədiyi zavoda indi cəmi yüz nəfər lazımdır. Bu yüz nəfər o şəxslərdir ki, adamları əvəz edən maşınları idarə edə bilirlər. İşsiz qalanlar isə ya xidmət sferasına getməli, ya da mənzillərini kirayə verməli olurlar” – deyə futuroloq təəssüflənir. Sezanaya görə, insanlar tərəqqidən əziyyət çəkirlər, inkişafdan geri qalırlar və iş yerlərini itirirlər. Bu, tək iqtisadi deyil, həm də siyasi məsələdir. Çünki demokratiya ideyalarına ziddir və getdikcə qlobal faciəyə çevrilir.

Orta sinif yoxa çıxacaq

Alim xəbərdar edir: bu, hələ başlanğıcdır! Yaxın illərdə bizi insanla eyni cərgədə duracaq və getdikcə daha ağıllı olacaq maşınlar gözləyir: “Bax, həmin bu anda bütün trendlər və proqnozlar mənasız olacaq. Biz gələcəkdə nələrin baş verəcəyini, bizi nələrin gözləyəcəyini ehtimal edə bilmirik, çünki bəşər tarixində heç vaxt belə bir hal olmayıb”. Sezananın dediklərindən görünür ki, o, hətta robot texnologiyasının inkişafı ilə insanın sabahına dair ən bədbin proqnozlar verən futuroloqlardan da pessimist köklənib. Onun fikrincə, “insan üstünlüyü” barədə deyilənlər əbəsdir. Alimin fikrincə, çoxlarımız texnologiyaların inkişafının fəsadları barədə tam təsəvvürə malik deyilik. Yaxın 10 ildə robotlar elə inkişaf yolu keçəcəklər ki, istənilən insandan daha dəqiq və diqqətli olacaqlar. Servis nöqteyi-nəzərdən yanaşsaq, bu, insanın robota bütün sahələrdə uduzması deməkdir.

Bütün bunlar onunla nəticələnəcək ki, cəmiyyət məhdud sayda həddindən artıq varlılar və çox kasıb əksəriyyətə parçalanacaq. Orta sinif getdikcə ləğv olunub imkansızlar ordusuna qovuşacaq. Bu proses ABŞ-da hazırda özünü qabarıq büruzə verir. Məsələn, ucuz işçi qüvvəsi səbəbilə istehsalat Çinə “köçür”. Düzdür, Donald Tramp zavodları yenidən ABŞ-a qaytarmağa cəhd edir, ancaq bunun qlobal xeyri olmayacaq, çünki istehsalat prosesi robotlaşır. Yəni əvvəl ucuz iş görən çinlilər amerikalıların işini əlindən alırdı, indi də robotlar bunu edəcək.

1970-ci illərədək dünyanın inkişaf etmiş hissəsinin iqtisadiyyatında əməkhaqqı ilə istehsalat paralel şəkildə artırdı. Sonra vəziyyət dəyişməyə başladı. 1974-2014-cü illər arasında məhsuldarlıq 74% artıb, saat hesabı maaş isə cəmi 9%. Sezana bunu zavod və fabriklərin avtomatlaşması və yaxud işçi qüvvəsinin ucuz olan ölkələrə “köçməsi” ilə əlaqələndirir. “Bu rəqəmlər orta sinif üçün hər şeyin bitdiyinin göstəricisidir”, – deyə Sezana həyəcan təbili çalır.

Həyat mühəndisliyi

Sezananın dediklərini nə qədər uzaq tutsaq da, qəbul etməliyik ki, sözlərində həqiqət var. Texnologiyaların inkişafı mahiyyət etibarilə tərəqqini təcəssüm etdirsə də, milyonlar üçün mənfi nəticələrə səbəb olacaq. Bu halda biz nə etməliyik?. “Uber”in baş direktoru Dara Xosrovşahi universitetlərə daxil olmağa hazırlaşan orta məktəb məzunlarına mürəkkəbləşən dünyada uğur qazanmaq üçün bəzi məsləhətlər verir. Onun sözlərinə görə, biznesində uğur qazanmasının başlıca səbəbi indi verdiyi məsləhətləri həyatda tətbiq etməsi olub: “Məsləhət görürəm ki, kompüter informasiya sistemləri və injinirinqi öyrənəsiniz”. Xosrovşahi Braun Universitetində injinirinqlə məşğul olub və hesab edir ki, tələbələr peşələrindən asılı olmayaraq bu sahədə özlərini sınamalıdırlar. “Baxmayaraq ki, mən injinirinqdən maliyyəyə keçmişəm, bu sfera həmişə mənə problemləri həll etməyə və bərpa olunmağa köməklik edib. Fikrimcə, bu sizə həyatınızda nə ilə məşğul olmaq istəyinizdən asılı olmayaraq həmişə kömək edəcək”, – deyə Xosrovşahi bildirir.

“PayScale”nin məlumatına görə, ABŞ-da kollecləri injinirinq, yaxud mühəndislik və kompüter elmləri ixtisası ilə bitirən gənclər 2019-cu ildə ən yüksək əməkhaqqı alan məzunlar olublar. Cek Dorsi, Mark Sukerberq və İlon Mask kimi dövrümüzün qabaqcıl simaları karyeralarına proqram təminatçıları olaraq başlayıblar. “Comparably”nın məlumatına görə, 2019-cu ilin ən uğurlu CEO-ları ABŞ-ın “Silikon vadisi”ndə texnoloji şirkətlərə rəhbərlik edən şəxslərdir. “LinkedIn” isə inkişaf etmiş və etməkdə olan ölkələrdə ən çox ehtiyac olan peşələrə dair araşdırma aparıb. 4 qitənin 17 ölkəsinin əmək bazarını öyrənən işgüzar sosial şəbəkə ən çox ehtiyac duyulan 3 peşəni seçib. Əksər ölkələrdəki mənzərə demək olar üst-üstə düşür. Məsələn, süni intellekt üzrə mütəxəssis və robot texnologiyası mühəndisi ən ehtiyac duyulan peşələrdir. “LinkedIn” aşağıdakı mənzərəyə şahid olub:

Avstraliya:

  • Süni intellekt üzrə mütəxəssis;
  • Kibertəhlükəsizlik üzrə mütəxəssis;
  • Robot texnologiyası mühəndisi.

Avstriya:

  • Məlumatların analizi üzrə mütəxəssis;
  • Rəqəmsal marketinq üzrə mütəxəssis;
  • “Fullstack” inkişaf etdirici.

Böyük Britaniya:

  • Süni intellekt üzrə mütəxəssis;
  • “Protection Officer”in müdafiəsi üzrə mütəxəssis;
  • Robot texnologiyası mühəndisi.

Almaniya:

  • Süni intellekt üzrə mütəxəssis;
  • Saytların müdafiəsi üzrə mütəxəssis;
  • Müştərinin uğuru üzrə mütəxəssis.

İrlandiya:

  • Süni intellekt üzrə mütəxəssis;
  • Kibertəhlükəsizlik üzrə mütəxəssis;
  • Müştərinin uğuru üzrə mütəxəssis.

İtaliya:

  • Məlumatların qorunması üzrə mütəxəssis;
  • Satış üzrə mütəxəssis;
  • Böyük həcmli məlumatlar üzrə mütəxəssis.

Kanada:

  • Süni intellekt üzrə mütəxəssis;
  • Saytların müdafiəsi üzrə mütəxəssis;
  • Data mühəndisliyi.

Niderland:

  • Məlumatların qorunması üzrə mütəxəssis;
  • Artım məsələləri üzrə mütəxəssis;
  • Məxfilik məsələləri üzrə mütəxəssis.

Yeni Zelandiya:

  • Kibertəhlükəsizlik üzrə mütəxəssis;
  • “Fullstack” inkişaf etdirici;
  • Data mühəndisliyi.

ABŞ:

  • Süni intellekt üzrə mütəxəssis;
  • Robot texnologiyası mühəndisi;
  • Məlumatların analizi üzrə mütəxəssis.

Fransa:

  • Məlumatların qorunması üzrə mütəxəssis;
  • Süni intellekt üzrə mütəxəssis;
  • Daşınmaz əmlak üzrə agent.

İsveç:

  • Məlumatların qorunması üzrə mütəxəssis;
  • Süni intellekt üzrə mütəxəssis;
  • “Javascript” üzrə mütəxəssis.

İsveçrə:

  • Süni intellekt üzrə mütəxəssis;
  • Müştərinin uğuru üzrə mütəxəssis;
  • Bulud texnologiyaları üzrə mütəxəssis.

Sinqapur:

  • Süni intellekt üzrə mütəxəssis;
  • Robot texnologiyası mühəndisi;
  • “Fullstack” inkişaf etdirici.

BƏƏ:

  • Məlumatların analizi üzrə mütəxəssis;
  • “Fullstack” inkişaf etdirici;
  • Müştərinin uğuru üzrə mütəxəssis.

Hindistan:

  • “Blockchain” mütəxəssisi;
  • Süni intellekt üzrə mütəxəssis;
  • “Javascript” üzrə mütəxəssis.

Səudiyyə Ərəbistanı:

  • Kibertəhlükəsizlik üzrə mütəxəssis;
  • Rəqəmsal məsələlər üzrə mütəxəssis;
  • Hüquqşünas.

R.Sezananın öncəgörmələrini ciddi təhlükə kimi görən, yaxud gələcəyini dair təlaşla düşünən varsa, yuxarıdakı peşələr belə şəxslər üçün çıxış yoluna bir işarədir. Təkmilləşməyə, peşə dəyişikliyinə ehtiyacı və vaxtı olan şəxs bu imkandan yararlanmağa çalışmalıdır. Eyni zamanda, yuxarıda göstərilən peşələr bizim üçün övladlarımızı ixtisas seçiminə daha düzgün yönəltmək baxımından ideal “ipucu”dur. Bunu rəqəmsal inqilabın şərtləri diqtə edir. Gecikməyin!

 

Mənbə: “Azərbaycan müəllimi” qəzeti
Müəllif: Rüstəm Qaraxanlı

 

15.07.2020