Covid-19 özünün şok effekti ilə biznes mühitini müvəqqəti olaraq dondurdu, lakin sarsıtmadı. Pandemiya olmasaydı belə, sürətlə robotlaşma gedən dünyada gec-tez belə bir hal baş verəcəkdi. Şübhəsiz ki, cəmiyyət hazırkı arzuolunmaz sürprizə demək olar ki, hazır deyildi. Lakin bu hadisə zəhmətsevər insanlara deyil, təsadüfi qazanclar əldə edən və ya şablon işlər görməyə öyrəşmiş insanlara böyük çətinliklər yaradacaq.

Ölkəmizdə ali təhsil ocaqlarını yenicə bitirmiş çoxminli məzun ordusu da vardır ki, bu məqalə bütün respublika əhalisi ilə birgə onlara da ünvanlanıb.

Bu gün distant, yəni məsafədən işləmək istəyənlərə internet nə təklif edir? Əgər diqqətlə araşdırsaq - çox şey! Həmin işlərə işə qəbul agentliklərinin veb saytlarında və müxtəlif xidmətlərində, teleqram kanallarında, xüsusi aqreqatlarda, mobil tətbiqetmələrdə, pulsuz təsnif edilmiş reklam platformalarında və işəgötürənlərin sosial şəbəkələrində rast gəlmək olar. Ölkəmizdə pulsuz qeydiyyat tələb edən onlarla sayt vardır.

Bu saytlarda qeydiyyatdan keçdikdə və CV yaratdıqda yalnız işəgötürənlərdən zəng gözləməyiniz əvəzinə daha da fəal olaraq, gündəlik əsasda həmin saytlardakı iş elanlarını izləyin. Saytlarda müraciət edənlər üçün xüsusi bir filtr mövcuddur: siz axtarışları istəklərinizə uyğun olaraq tənzimləyə bilərsiniz.

Sosial İş Axtarma Qrupları

Son zamanlar işə qəbul edənlərin çoxu iş saytları əvəzinə Facebook, Linkedin və ya hətta İnstaqram vasitəsilə namizədləri işə götürməyə üstünlük verirlər. Ona görə də sosial saytlardakı profillərinizi öz şəkilləriniz və ciddi məlumatlarla təchiz edin. Fotoşəkiliniz əvəzinə hər hansı bir əşya, məşhur futbolçu model və hər hansı bir qeyri peşəkar foto və yaxud qeyri-ciddi profil sizə iş təklif edə biləcək şəxslər tərəfindən mənfi qarşılana bilər ki, bu da iş tapmaq şanslarınızı sıfıra bərabər edə bilər. Sosial şəbəkələrdə maraqlı vakansiyalar tapmaq üçün bir çox nüfuzlu iş axtarış qruplarına / hesablarına abunə olmalısınız. Eyni zamanda konkret sahələri əhatə edən şəbəkələr də vardır ki, həmin şəbəkələrdə iş təklifləri ilə bərabər işə müvafiq təlimlər də keçirilə bilər. Siz peşəkarlardan ibarət tanışlıq dairənizi genişləndirməklə, iş barədə linkləri bir-birinizlə mübadilə edə bilərsiniz. Həmin qruplarda müvafiq olaraq peşəniz, fəaliyyət sahəniz üçün axtarış kanallarını tapa bilərsiniz.

Hansı peşələrə tələbat vardır?

Apardığım hərtərəfli araşdırmalar zamanı məlum olmuşdur ki, həkimlər, orta tibb işçiləri və digər səhiyyə personalı üçün xəstəxanalar və klinikalardakı işə düzəlmək mümkündür. Tibb və İT sahələri pandemiyanın təsirinə məruz qalmamış sahələrdir. Eyni zamanda, araşdırmalar zamanı kuryerlərə, sürücülərə, anbar işçilərinə - əhalinin dolanışığını təmin etmək üçün işləməyə davam edən işçilər üçün tələbin iki-üç qat artmasını müəyyən edilmişdir. Onlardan sonra gələn yerdə yaradıcı insanlar durur ki, bunları kopirayterlərə, redaktorlara və bloqqerlərə şamil etmək olar. İndi hər şey onlayndır - konfranslar, tədqiqatlar, iş və bu fəaliyyətin aparılmasına kömək edən ixtisaslaşdırılmış platformalar vardır. Bu sahədə işə götürmə baxımından yaxın gələcəkdə bum gözlənilir.

Həmçinin bazardakı tələbatı təhlil edərkən bu qənaətə gəlmişəm ki, kiçik və orta sahibkarlığın üçdə birinə qədəri vəziyyət yaxşılaşmasa yaxın gələcəkdə işçilərini ixtisar etməli olacaq. Ancaq əmək bazarı ölü deyil, taktika dəyişsə də, mütəxəssis axtarışı davam edir.

Hal-hazırda, məsələn, e-ticarət (e-ticarət) seqmentində tez bir iş tapa bilərsiniz. Sürücülərə, çağrı mərkəzlərinin işçilərinə və müxtəlif xidmətlərin evlərə çatdırılması üçün kuryerlərə daha çox tələbat vardır. Pandemiyanın təsirlərindən sarsıntı keçirən insanların psixoloq və psixoterapevt məsləhət və xidmətlərinə ehtiyac duyulacaqdır..

Şirkətin təhlilçi ekspertləri eyni zamanda müşahidə etmişlər ki, karantin, internetdə işləyə biləcək təlimçi və təlimatçılara da yüksək tələbat yaratmışdır. Kadrlar bazarında tibb işçilərinə böyük tələbat var. Bu, yalnız epidemioloji vəziyyətlə əlaqəli deyil: pandemiya və ümumi narahatlığın təsiri altında insanlar öz sağlamlıqlarına daha çox fikir verməyə başlamışlar.

Lakin turizm və otel biznesində, qeyri-ərzaq pərakəndə satışında, əyləncə, iaşə və daşınmaz əmlak sahəsində boş yer bazarında tamamilə sıfır hərəkət müşahidə olunur. İqtisadiyyatın bu sektoru ən çox əziyyət çəkdiyinə görə, özünün azalmalar dövrünü yaşamaqdadır. Metallurgiya, bank sektoru, neft-qaz sənayesi, mədən sənayesi və istehlak malları da eyni səviyyədə qalmışdır.

Onu da nəzərə almaq lazımdır ki, hal-hazırda distant qrupların səmərəli işini təşkil edə bilən, şirkətin gəlirini artıran və biznesi yeni şəraitə uyğunlaşdıra bilən menecerlərə də yüksək tələbat var. Bunlar layihə rəhbərləri, böhran əleyhinə menecerlər və böhran dövründə şirkətin işini optimallaşdırmağı bacaran şəxslərdir. Epidemiyanın sonuna qədər, bazarda bütün iş proseslərini yenidən qura biləcək və zərər çəkmiş sahələri bərpa edə biləcək mütəxəssislərə də tələbat olacaqdır.

Bu ilin martından ölkədə pandemiyanın baş qaldırdığı dövrdən bəri davamlı təhlillər aparmaqdayam və bir faktı da qeyd edim ki, son dövrlərdə internet peşələri daha da populyarlaşmışdır. Bura SMM menecerləri, kopirayterlər, məzmun yaradıcıları və redaktorları aid etmək olar. Rəqəmsal marketinq, mobil və CRM sahəsində təcrübəsi olan mütəxəssislərə artan tələbat da müşahidə edilir. İT sahəsində, Java, Python, C + və Javascript sahələrində inkişaf mütəxəssisləri axtarılır. Robototexnika və süni intellekt vasitələri ilə işləyən personal üçün əsl qazanc əldə etmək şəraiti yaranmışdır.

Bir faktı da qeyd etmək lazımdır ki, indiki vəziyyətdə işə götürərkən seçim əsasən geniş bilik və bacarıqlara sahib olan namizədlərə, əlavə vəzifələrin icrasına başlamağı bacaran insanlara veriləcəkdir. Opalus Partners Group şirkətinin mütəxəssisləri belə bir qənaətə gəlmişlər ki, yaranmış vəziyyətdə yeni bir iş və ya yarımştat (part-time) iş tapmaq elə də asan olmayacaqdır və bir sıra peşələrin nümayəndələri öz maaş tələblərini azaltmaq məcburiyyətində qalacaqlar. Bu vəziyyətdə nə etmək lazım olduğunu mütəxəssislərimiz aşağıdakı tövsiyələrdə vurğulayırlar:

  1. Birincisi, iqtisadi böhran dövrü üçün peşənizin perspektivini qiymətləndirin. Köhnə iş yerində ixtisasınıza tələb azalıbsa, o zaman fəaliyyət növünün dəyişdirilməsi barədə düşünməlisiniz.
  2. İkincisi, yeni reallıqlarda hansı ixtisasa yiyələnə biləcəyinizi qiymətləndirin. Məsələn, karantin dövründə bu prosesləri izləyən kuryer təchizatçılarına və ya İT mütəxəssislərinə tələbat arta bilər.
  3. Üçüncüsü, CV-nizi yenidən nəzərdən keçirin və yiyələnmiş olduğunuz bacarıqlarınız daxilində eyni zamanda iki və ya daha çox vəzifənin öhdəsindən gəlməyə qadir olduğunuzu göstərin. Artıq bir çox işəgötürən öz işçilərinə qənaət edəcək, buna görə də əksər sahələri peşəkarcasına idarə edə bilən iş axtaranlara üstünlük verəcəkdir.
  4. Dördüncüsü, CV-ni mümkün qədər çox mənbəyə göndərin. Günün istənilən vaxtı hansısa iş təklifinə cavab verməyə hazır olun. İş axtarışı mövzusunda dostlarınızın və qohumlarınızın qaynaqlarından daha fəal istifadə edin. Köhnə işəgötürənlərə zəng edin: Böhran dövründə təcrübəsiz şəxslərdənsə, köhnə, etibarlı bir işçiyə üstünlük verə bilər.

Ehtiyat igidin yaraşığıdır və yaxud SOS

Bir vacib məqamı da nəzərinizə çatdırım ki, onlayn iş imkanları adı altında kiber hücumlarına da məruz qala bilərsiniz. İnsanların təcrübəsizliyindən istifadə etməklə, real iş adı altında sizə və şəxsi məlumatlarınıza müdaxilə edilə bilər. Ona görə də internetdə iş axtararkən və vakansiyalar üçün onlayn müraciət edərkən, ayıq və diqqətli olmaq lazımdır. Bu zaman hər vəchlə aşağıdakı təhlükəsizlik tövsiyələrinə əməl etməniz mütləqdir:

  • şəxsi məlumatlarınızı heç kimlə bölüşməyin, sənədlərinizi və kredit kartı məlumatlarınızı göndərməyin;
  • onlayn formaları doldurarkən, əvvəlcə bütün sahələri diqqətlə oxuyun və iş təklif edən şirkətin internetdə nüfuzunu araşdırın (nüfuzlu şirkətin veb saytı olmalıdır və eyni zamanda sizə şirkətin adı əks olunmayan domendən (gmail, mail.ru, yahoo və s.) göndərilən e-məktub sahiblərinin qeyri-ciddi ola biləcəklərini də nəzərə alın);
  • iş münasibətlərinizi rəsmiləşdirin - bu həm əmək haqqı, həm də sosial sığorta məsələlərində və hər hansı bir münaqişə probleminin həllində qorunmanı təmin edəcəkdir!

Karantin şəraitində ediləcək iş təklifləri

Unutmayın ki, seçiləcəyiniz təqdirdə sizə əvvəllər olduğu kimi müsahibəyə gəlmək təklif olunmayacaq. Bütün test və müsahibələr xüsusi proqram təminatları və Skype, Zoom və bu formatda olan video müsahibələr əsasında aparılacaq.

Skype vasitəsilə hər zaman sizə zəng gələ bildiyindən, hesabınızı peşəkar fomatda saxlayın. Bundan əvvəl Skype profiliniz vardırsa:

  • Həmin profili işəgötürənlərə xoş təəssürat bağışlamaq üçün peşəkar formaya salın və ya yenisini yaradın;
  • Avadanlıqlarınızın (mikrofon, qulaqlıq və ya dinamiklər) keyfiyyətini, ümumiyyətlə rabitə keyfiyyətini yoxlayın, işığın düşmə trayektoriyasını normal görüntü üçün tənzimləyin;
  • Masanın üzərindəki otağı təmizlədiyinizə və zəng üçün neytral bir fon seçdiyinizə əmin olun;
  • Sənədləri əvvəlcədən elektron formada hazırlayın ki, zəruri hallarda işə götürənə göndərə biləsiniz;
  • Zəng zamanı heç kim sizə zəng etməməli, ailə üzvləriniz otaqda olmamalı və sosial saytlarınız bağlı olmalıdır ki, diqqət yayınmasın;

Adətən Skype müsahibəsi ilkin olaraq aparıldıqda, çox vaxt çəkmir və peşəkar məsələlərə yer vermir. Lakin karantin zamanı bu tip müsahibə adi görüşü əvəz edəcəkdir və buna hazırlıq uyğun olmalıdır. Yuxarıdakı tövsiyələrin siyahısı istisna olmaqla, onlayn müsahibələrin keçmə qaydaları fərdi müsahibə ilə eynidır. Bu davranışınıza, danışıq tərzinizə, işəgötürənin suallarına cavab vermə əzminizə və hətta (!) xarici görkəminizə də aiddir. Ona görə də aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:

  • Sizə zəng gəlməmişdən qabaq həmin zəngin vaxtını sizinlə qabaqcadan razılaşdırmış olan şirkət, onun fəaliyyət sahəsi və strukturu haqqında məlumatları araşdırın;
  • Neytral və ya iş üslubunda düzgün geyim seçin;
  • Özünüz haqqında danışmağınız tələb olunacaqdır, buna qabaqcadan hazır olun və təqdimatın konspektini hazırlayın;
  • Nəhayət, ƏN Vacib tövsiyəmiz ruhdan düşməmək və xaosa varmamaqdır. Yeni peşələrə yiyələnin, öz üzərinizdə davamlı olaraq işləyin. Nikbin olun. Var gücünüzlə bütün bacarıqlarınızı və biliklərinizi səfərbər edin. Atalar demişkən, niyyətin hara, mənzilin ora.

Müəllif: Çimnaz Qasımova, HR ekspert

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

24.10.2020