Dünyada adını bildiyimiz və bilmədyimiz qəribə maniyalar və psixoloji vərdişlər var. Mənə görə bu xəstəliklərdən ən xoşxassəlisi bibliofiliya, yəni həddindən artıq kitab sevmə xəstəliyidir. Sadəcə kitabları sevirsən, vəssalam. 

Üzərində çox düşündüyüm və ən qorxulu hesab etdiyim xəstəlik isə jüri olmaq xəstəliyidir. Hansı ki, çox axtardım, amma xəstəliyin tibdəki adını tapa bilmədim. Kopirayter deyiləm? Əslində özüm də ad verə bilərəm. Məsələn, jürifiliya ola bilər. Kreativ olmasa da, hələ ki belə qəbul edin. 

Jürifiliyaya ən çox rast gəlinən yer marketinq sahəsidir. Demək olar ki, hər 10 nəfərdən 7-si yoluxur. Simptomları isə başqalarının yaradıcılıq məhsuluna qiymət vermək, birinin üstünə beşini qoyub tənqid etməkdir. Bu simptomları daşıyanlar rahatlıqla rəy bildirərək özlərində süni marketinq immuniteti toplayırlar. 

Süni marketinq immuniteti nədir? Karyeranı müvəqqəti üst təbəqəyə qaldıran və möhkəm göstərən yalançı immunitetdir. Halbuki, əsl marketinq immuniteti müəyyən təcrübəyə çatmış mütəxəssislərin illər sonra sahib olduğu üstünlükdür. Vaxtından əvvəl bu immunitetə sahib olduğunu düşünənlər aktiv görünməyə və başqalarının sağlam olmadığını sübut etməyə o qədər səy göstərirlər ki, jüri xəstəliyinə yoluxduqlarının fərqində belə olmurlar. 

Jüri xəstəliyindən necə qorunmaq olar? Tək çarəsi vaxtını ancaq öz işinə həsr etməkdir. Yaradıcılığına daha çox vaxt ayıran insanlar gələcəkdə ən güclü marketinq immunitetinə sahib olacaqlar. Sözlərinin arxası da kəsəcək, qabağı da! 

Yeni başlayan kopirayterlər, sözümü ancaq sizə deyə bilərəm. Ən az xalı başqasına deyil, öz işinizə verin. Hər növbəti uğurlu işinizdə nəticəni özünüz görəcəksiniz. Karyeranızın zədələnməməsi üçün bu xəstəliyə yoluxmamağa çalışın. Hələ də adı qoyulmayan xəstəliyin çarəsi kim bilir, nə vaxta tapılar.

 

Müəllif: Tural Namazov

Kontakt Home şirketinde Copywriter

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

12.06.2022