Çox vaxt müəssisə rəhbərləri bir işçi ilə yola getməyəndə, işini mükəmməl görsə belə həmin işçini çağırıb "işindən razı deyilik, ərizəni yaz, çıx" deyirlər. Hələ bunun üzərinə "səni 70'in ç-si ilə çıxarmaq istəmirik, əmək kitabçana ləkə düşməsin" deyirlər.

Necə də humanist bir addımdır, işçini düşünmək.

(Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər.) 

Az sayda işçi işdən çıxmaq barədə ərizəni imzalamaqdan imtina edir. Çox adam fikirləşir ki, "onsuz da bir yolunu tapıb çıxaracaq".

❌ Çıxara bilməyəcək. 

Və ya işçilər fikirləşirlər ki, "əşi, zorla qalmaqla nə vaxta qədər işləmək olar? İstəmirlər də". Ancaq düşünməlidirlər ki, hazırki şəraitdə iş tapmaq çox çətindir, buna görə çox vaxt sərf edəcəklər. Bundan əlavə ərizəni imzalamaqla pis örnək olacaqlar. 

Davam edək. 

İşçi işini vaxtında və keyfiyyətli səviyyədə görübsə rahat ola bilər və ərizəni imzalamaya bilər.

Bu vaxt işəgötürənin ağlından işçini, acığa, 70-in ç-si ilə çıxarmaq keçəcək. Amma bunu, yəni işçinin işində pozuntulara yol verdiyini sübuta yetirmək çətin məsələdir, əgər pozuntu olmayıbsa. Məsələn, işəgötürən işçini işə sərxoş vəziyyətdə gəlməsi adıyla işdən çıxararsa və işçi ona qarşı məhkəmə qaydasında iddia qaldırarsa, işəgötürən sərxoşluq barədə həkim rəyini sübut kimi ortaya qoymalıdır. Və ya işçinin əmək funksiyasını yerinə yetirməməsi ilə çıxarıldığı zaman işəgötürən məhkəmədə sübuta yetirməlidir ki, bu hallar müəssisənin fəaliyyətinə mənfi təsir göstərmişdir. Yəni, kiçik səhvlər işdən çıxarmaq üçün əsas deyil. 

Bu baxımdan müəssisələr 70-ci maddədənin (ç) bəndindən istifadə etməyə meylli deyillər. Ümumiyyətlə işəgötürənlər maksimum dərəcədə məhkəmədən uzaq qaçmağa çalışırlar. Bu onlar üçün əlavə vaxt və pul itkisi, o cümlədən məhkəməni uduzacaqları təqdirdə işgüzar nüfuzlarının ləkələnməsidir.

Bir məsələni də qeyd edim ki, 70-ci maddədənin (ç) bəndi ilə işdən çıxarılmağınız barədə əmr verildiyi gündən siz işsiz sayılacaqsınız, ancaq məhkəmədə siz qalib gəlsəniz, məhkəmənin qərarı qanuni qüvvəyə minəndə işə bərpa olunacaqsınız və işləmədiyiniz müddət üçün əmək haqqı miqdarında sizə ödəniş olunacaq. Təbii ki, siz iddia ərizəsində bu tələbi qoysanız. 

İşəgötürənin bir variantı da qalır. İxtisar
Ancaq narahat olmayın. Bu da yenə işçi üçün son deyil. 

 

Müəllif: Araz Ismayilov

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

07.08.2021