🔸Əgər birbaşa rəhbərin dəstəyi yoxdursa digər şöbələrin səhv etdiyini düşündüyün şeyləri düzəltməyə, inqilab etməyə çalışma. Dəstək olsa belə "2 addım qabağa 1 addım dala" prinsipini unutma. Əks təqdirdə analogiya aparsam düşmənin ərazisinə girib uzun müddət davam edəndə bir də çönüb arxana baxırsan ki, təminat dəstəyi yoxdur düşmüsən mühasirəyə.
🔸"Tupoy" olduğunu, işini düzgün bilmədiyini düşündüyün heç kimlə iş üstündə açıq konfliktə getmə, ələlxüsus da həmin şəxsin birbaşa və ya dolayı yolla rəhbərliyə çıxışı varsa
🔸Bütün günü qarşılaşdığın problemlərdən deyinməklə çalış ətrafını bezdirmə, əgər həqiqətən problemin həllini bilirsənsə arxada deyinmək yerinə o problemin həllinə görə məsul şəxslə ilk öncə fikirlərini, təkliflərini paylaş.
🔸Hər çatışmazlığı eyni vaxtda və təkbaşına düzəltməyə, hamıya savaş açmağa çalışma. Nəticədə bir çox halda digər şəxsləri də rəhbər və ya rəhbərin seçdiyi şəxslər təyin etdiyi üçün axırda rəhbərə qarşı çıxmış hesab olunacaqsan, damğa vurub qabağını bağlayacaqlar.
🔸Əgər əlindən gələni etmisənsə ancaq yenə irəliləyiş olmadığını düşünürsənsə və bu sənə ciddi çətinliklər yaradırsa ən qısa müddətdə özünü tükətmədən yeni iş tap ayrıl.
🔸Əgər üstünə düşəndən, sənə verilən əmək haqqından artıq iş görürsənsə və bunun düzgün qiymətləndirilmədiyini düşünürsənsə narazılığını mütləq rəhbərliyin ilə paylaş (bəlkə yanlış düşünürsən). Əgər nəzərə almasa və fikrin dəyişməsə normal tempə qayıt, özünü əlavə işlə tükətmə. Yox əgər yavaşlaya bilmirsənsə, bu templə paslanacağını düşünürsənsə işini dəyiş, əks təqdirdə bir müddətdən sonra deyingən qarıya çevrilib həm özünə, həm də şirkətə ziyan vuracaqsan.
🔸Kiməsə nəyisə sübut etmək üçün yaxın müddətdə əlavə dəstək (yeni işçinin cəlb edilməsi) olmayacağı halda uzun müddət davam etdirə bilməyəcəyin yükün, öhdəliyin altına girmə, hətta buna görə normadan artıq maaş verilsə belə. 5 bacarırsansa 3-ü bacardığını de, 6 deyib özünü tükətmə. Qısamüddətli "demo versiyanı" göstərə bilərsən ancaq bunu davam etdirmək üçün şərtlərini əvvəldən rəhbərliyə bildirmək şərtilə.
🔸Günün sonunda əgər yüksək vəzifə tutan şəxs deyilsənsə və şirkətin qərarlarına təsir gücün yoxdursa şirkəti tək xilas edə bilməyəcəksən. Xilas etsən belə buna görə dəyər verilmirsə o şirkətə görə özünü öldürməyə - fiziki və zehni sağlamlığına ziyan vurmağa, şirkətin mənafələrin qorumaq naminə şirkət daxili və şirkət xarici (müştəri, təchizatçı və s.) şəxslərlə münaqişə yaratmağa dəyməz. Çünki iş daimi deyil ancaq bu gün münasibətini korladığın şəxsə sabah ehtiyacın ola bilər, əli aşından da, vəli aşından da olma sonra.

 

 

Müəllif: Elshan Hasan 

Mənbə: linkedin.com

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

03.10.2022