Sizi yaxından tanıyaq

Mən Fərid Rzazadə 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Ali təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsində almışam. 

Universitetdə oxuduğum illərdə anladım ki, dizayna marağım var. Elə ilk kompüteri aldıqdan sonra ilk olaraq Adobe Photoshop proqramını yüklədim. O vaxt onlayn resurslar bu qədər çox deyildi. Səhv etmirəmsə Youtube bazara daxil olmamışdı. Ona görə də elektron kitablar yükləyib adi tool-ları belə həmin kitablardan öyrənirdik. Təsəvvür edirsiz hal-hazırda hər hansı bir proqramın filan tool-nun hansı prinsiplə işləməyini biz asanlıqla youtube-da axtarış verib öyrənirik. O vaxtı isə bir tool-un işləmə prinsipini öyrənmək üçün kitabı götürüb vərəqliyib oxuyurdun :)

Universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Qayıtdıqdan sonra müəyyən müddət öz ixtisasım üzrə işləməyə çalışsam da sonda yenə dizayna qayıtdım. Artıq həvəskar kimi yox, ciddi karyera üzərində fikirləşirdim. Professional karyeraya başlamağım 2012-ci ilə təsadüf edir.  İlk olaraq Ecaz Interactive butik agentliyində Qrafik və Web dizayner kimi çalışmağa başladım. Bir müddət orda işlədikdən sonra qlobal agentlik olan DDB-dən təklif aldım və çox fikirləşmədən təklifi qəbul etdim. Qrafik dizaynerdən Art direktor vəzifəsinə qədər böyüdüm. DDB-də çalışdıqdan sonra isə digər qlobal agentliyə - FCBArtgroup-a Baş Art direktor olaraq keçdim. Qlobal agentliklərdən sonra yerli Uptime agentliyində Kreativ Direktor, Kontakt-da Art Direktor və Dizayn şöbəsinin rəhbəri kimi çalışdım. Hal-hazırda Code Academy-də Qrafik və Web dizayn müəllimi və Dizayn rəhbəri vəzifəsində çalışıram.

Bu müddət ərzində bir çox qlobal və yerli müştərilərlə işlədim. Portfoliomu Unilever (AXE, Elidor, Rexona, Clear, Domestos, Cif, Algida, Magnum, Cornetto və s), Mcdonald’s, Volkswagen, Starbucks, Vestel, Lenovo, Microsoft, Coca-cola, Kimberly-Clark, Remalux, Hard Rock, Azercell, Bakcell, AZAL, Pasha Bank, Kapital Bank, Xırdalan və digər brendlərin işlərilə zənginləşdirdim. 

art direktor işi
 

Art direktor kimdir və hansı öhdəlikləri var?

İlk olaraq qeyd edim ki, Art direktor vəzifədir, peşə deyil. Yəni dizaynerlər çox zaman onlardan hansı peşənin sahibisiniz soruşanda Art direktoram deyə cavab verirlər. Bu düzgün fikir deyil, çünki Art direktorlar da müəyyən peşə sahibidirlər. Çalışdığı sahədən asılı olaraq Art direktorun peşəsi dizayner, rəssam, geyim rəssamı, stilist və sair ola bilər. Art direktor peşə bilikləri, dizayn zövqü və estetikliyi, trend duyumu və onun tətbiqi ilə yanaşı, menecment və satış qabiliyyətlərini də özündə birləşdirən insandır. 

Art direktorun portfoliosu mütləq və mütləq zəngin olmalıdır. Yəni bu vəzifəni daşıyan insan təcrübəsi boyu həm proyekt müxtəlifliyi ilə rastlaşmalı, həm də müştəri portfoliosu geniş olmalıdır. Karyerası boyu SM postları edən Dizaynerə Art direktor vəzifəsini versəniz əmin olun ki, o, məsələn jurnal proyektini apara bilməyəcək. Art direktorların üzərinə düşən öhdəliklər aşağıdakılardır: 

Proyekt menecmenti. 

Art direktor dizayn şöbəsinə tapşırılan hər bir proyektə öz tərəfindən cavabdehdir. Yəni ki, proyekt başlayandan onun işıq üzü görməsinə qədər olan proseslərdə birbaşa və ya dolayı yolla iştirak etməlidir. Dolayı yolla olan proseslərə dizayna qədər olan mərhələ və dizayn təhvil verildikdən sonrakı mərhələlər aiddir. Birbaşa iştirak prosesləri isə özündə proyektin dizayn tərəfinin hazırlanmasını əhatə edir. Məsələn: Branding prosesi heç də dizaynın hazırlanmasından başlamır. Bu proses strategiyanın hazırlanmasından başlayır və özündə şirkətin xarakterini, dəyərlərini, danışıq tonunu və gələcəkdə hansı yolla gedəcəyini əhatə edir. Art direktor bu proseslərdə dolayı yolla iştirak etməlidir ki, dizayn prosesinə başlayanda işçiləri düzgün yönləndirə bilsin. Çünki brandinqin gələcək hər bir prosesi bu mərhələdən asılıdır. Necə deyəllər uşağın ilkin tərbiyəsi onun gələcəkdə necə bir insan olacağında həlledici rol oynayır. Dizayn təhvil verildikdən sonra isə onun icrası digər şöbəyə tapşırılsa da Art direktor hər bir sonrakı mərhələdə nəzarətçi rolunu oynayır. 

Təcrübəmə əsasən Art direktorlar çox zaman Qrafik sahənin dizaynerlərindən ibarət olur. Amma burada bir məqam var. Art direktorun əsas ixtisası Qrafik və ya başqa istiqamət ola bilər amma bu vəzifənin sahibinin dizaynın digər sahələrindən də anlayışı olmalıdır. Reklam sferasında proyektlər müxtəlif olur və bu proyektlərə birbaşa Art direktor nəzarət edir və təsdiqləyir. Siz Qrafik dizayn yönümlü Art direktor olmağınıza baxmayaraq sizin 3D, reklam və video çarxların çəkilişi, animasiyalardan tutmuş, istifadəçi interfeysləri, interyer və eksteryerə qədər olan bütün dizayn sahələrindən ən azı orta səviyyədə xəbəriniz olmalıdır. Proqram bilikləri olmasa da olar. Bəli, Art Direktor təkcə social media postları edən insanlara deyilmir. Yuxarıda da qeyd etdiyim kimi proyekt müxtəlifliyi ilə üzləşən dizaynerin Art direktor vəzifəsinə sahib olması daha məqsədəuyğundur. 

Komanda idarəçiliyi.

Art direktor rəhbər vəzifə olduğu üçün bu vəzifənin də tabeçiliyində işçilər olmalıdır. Şirkətin və agentliyin strukturundan və iş həcmində asılı olaraq bir və ya bir neçə işçi ola bilər. Tabeçiliyinizdə nə qədər çox insan varsa idarəçilik prosesi bir o qədər çətinləşir. Çünki siz artıq sadəcə özünüzün gördüyü proyektə yox, onlarla işçinin proyektlərinə də cavabdehsiniz. İşçi sayı çox olan dizayn şöbələrində adətən bölgülər aparılır. Qrafik dizayn bölməsi, Motion və animasiya bölməsi, İnteryer bölməsi, UX/UI bölməsi və s. Dizayn rəhbəri və ya Art direktor sadaladığım bölmələrə Bölmə rəhbərləri təyin etməlidir. Bu həm rəhbərin iş yükünü azaldır və daha böyük proyektlərə fokuslanmağına kömək edir, həm də tabeçiliyində olduğu işçilərin də vəzifə artımına kömək edir. Agentliklərdə isə bu struktur daha geniş olur və burada müştəri sayı da böyük rol oynayır. 

İdarəçilikdə fikrimcə ən əsas prinsip - işçinin deyil, onun işinin kontroludur. Kreativ sahədə çalışanlar üçün bu qızıl qaydadır. Rəhbər kimi siz işçiyə yox, onun proyekti nə zaman və hansı keyfiyyətdə təqdim etməsinə fokuslanmalısınız. İşçi işə nə vaxt gəlib-gedir, proyekti mətbəxdə çalışır, neçə dəfə eyvana siqaret çəkməyə çıxır və digər mənasız kontrol strategiyası quran rəhbərin ən azından yaradıcı sahədə yeri yoxdur. Bu o demək deyil ki, siz işçiləriniz və onların problemləri ilə maraqlanmamalısınız. İşçilərinizlə hər zaman yaxşı münasibət saxlayın, onları motivasiya edin, dostluq münasibəti qurun amma onlara rəhbər olduğunuzu da unutdurmayın. 

Reklam yaradıcılığı komanda işidir. Məhz bu səbəbdən Art direktor komanda ilə işləməyi bacarmalı, işçiləri düzgün şəkildə yönləndirməli və tapşırıqları düzgün şəkildə verməlidir. Yəni “bir insanın şousu” deyilən anlayış Dizayn komandasında keçərli deyil. 

Komanda idarəçiliyində psixoloji faktorlar da böyük rol oynayır. Çox zaman komandada olan işçilərin iş çoxluğundan, proyektlərin mənasız yerə tez-tez gedib-qayıtmasından və digər səbəblərdən asılı olaraq motivasiyası pozulur. Bu zaman Dizayn rəhbəri hər bir işçi ilə ayrılıqda danışmalıdır. Onların motivasiyasını qaldırmaq üçün müəyyən yollardan istifadə etməlidir. Çünki, kreativ komandada bir insanın motivasiyadan düşməsi, bir az sonra digər işçilərə də təsir edir. 

Komanda idarəçiliyində proyektlərin rotasiyası da böyük rol oynayır. Bu nə deməkdir? Komandada olan bir dizayneri bir neçə ay eyni tipli proyektlə yükləsəz, həmin dizayner rutindən bezib işdən ayrılacaq. Bu həm də onun inkişafına da ciddi əngəl olacaq. Çalışın proyektləri dizaynerlər arasında rotasiya edin. Məsələn: X dizayner bir neçə müddətdir ki, çöl reklamları ilə məşğuldur. Bu zaman növbəti qablaşdırma proyektini ona verib, çöl reklamlarını başqa dizaynerə həvalə edə bilərsiniz. Bu üsül agentlikdə müştəri rotasiyasında da keçərlidir. 

Qərarvermə, satış və strateji düşünmə qabiliyyəti. 

Art direktor proyektin ona aid olan hissəsinə cavabdehdirsə, prosesin yekununda da düzgün qərarın verilməsində həlledici rol oynamalıdır. Yəni rəhbər hər zaman məsuliyyəti öz üzərinə götürməlidir. Çünki proyektə son “ok”-i o verir. Söhbət reklam sahəsindən gedirsə burada Art direktor təkcə dizaynı yox, satışı da nəzərə almalıdır. Ona görə də Art direktor və ya Dizayn rəhbərinin yetəri qədər Marketinq bilikləri də olmalıdır. Dizaynın hər bir elementi bir-birilə, dizaynda olan cümlələrlə vəhdət təşkil etməlidir. Konseptdə olan bütün elementlər bir-birini tamamlamalıdır. Qızıl qayda: “Dizayn gözəl ola bilər amma bu o demək deyil ki, o düzgündür. Dizayn hər şeydən əvvəl düzgün olmalıdır. Gözəlliyi yaradan da məhz o düzgünlükdür”. Siz bir posterinin hazırlanmasına bütün gününüzü sərf edə bilərsiniz amma o posterdəki vizual satmırsa deməli siz səhv etmisiniz. 

Bunlarla bərabər Art direktor həm də strateji düşünmə qabiliyyətinə malik olmalıdır. Çalışdığı şirkətin və ya şirkətlərin strategiyasına uyğun öz iş prinsipini qurmalı və geniş kütləyə təqdim olunan bütün reklam kommunikasiyalarında bunu nəzərə almalıdır. Əks halda şirkət kifayət qədər tanınmır və ya onun imicinə ciddi zərər dəyir.


 

Art direktorun günlük işləri nədən ibarətdir? O hansı alətlərdən istifadə edir?

Art direktor vəzifəsinə təyin olunduqdan sonra daha çox iri və konseptual proyektlərlə məşğul olmağa başlayırsan. Gündəlik rutin işlərə sadəcə vaxtaşırı nəzarət edirsən. Art direktorun günü səhər komandanı toplayıb gün ərzində olan proyektlərin üzərindən keçmək, iş bölgüsünü planlamaq və irəliləyən proyektlərə nəzarətdən başlayır. Bundan əlavə günboyu digər şöbələrlə görüşlər keçirirsən, çəkilişlərə gedirsən və sair. Gördüyünüz kimi bundan əvvəl kompüter arxasında proqramlarda işləyən insan artıq getdikcə daha çox proyekt yönəltmə və idarəetmə tərəfə yönəlir. Amma bu o demək deyil ki, Art direktor sadəcə ortalıqda gəzib göstərişlər verməlidir. Art direktor daim çalışdığı şirkət və ya şirkətlər üçün yeni ideyalar düşünməli, onları konsept halına salmalıdır. Mən proqramlarda işləməyi çox sevdiyimdən yeni ideyanı konseptə özüm çevirirəm. Bununla dizaynerlik bacarıqlarımı da formada saxlayıram. Amma elə Art direktorlar var ki, ideyanı düşündükdən sonra konsepti dizaynerə ötürür. Bu səhv yanaşmadır? Xeyr. Sadəcə hər bir insanın öz yanaşması və komanda idarəçiliyi var. Əsas odur ki, dizayner yüklənməsin və öz işinə fokuslansın. 

Mən demək olar ki, hər gün dizayn proqramlarından istifadə edirəm. Qrafik və Web dizayner olduğum üçün əlbətti ki, ən çox qrafik proqramlardan istifadə edirəm. Bundan əlavə həftəboyu yeni proyektlərin təqdim olunması üçün təqdimatlar da hazırlamalı oluram. Bunun üçün də Power Point və ya Keynote proqramlarından istifadə edirəm. Bununla iş yekunlaşırmı? Əbəttə xeyr. Dizayner hər zaman yeni tool-lar öyrənməli və müasir trendləri izləməlidir. Ona görə də gün ərzində, fərq etməz işdə və ya evdə 1-2 saat buna vaxt ayırmaq lazımdır. Yoxsa sən özün trenddən düşəcəksən :)

Düşünürəm ki, Art direktorun vacib öhdəliklərindən biri tabeçiliyində olan dizaynerlərin bacarıq və vəzifə yüksəlişini təmin etməkdir. Hər zaman çalışmışam ki, dizaynerdə proyektə sahibolma və ya idarəçilik qığılcımları gördükdə onu irəli çəkim. Çünki bu xüsusiyyətlər qeyd olunan vəzifəyə gedən yolda ilk addımlardır.  

Art direktor digər hansı sahənin şəxsləri ilə sıx işləyir?

Əlbəttə ki, vaxtaşırı Marketinq departamenti xaric digər şöbə və departamentlərlə də  görüşlərimiz olur. Görüşlərdə Marketing tərəfdən həm yaradıcı, həm də Proyekt rəhbərləri iştirak edir. Ümumi proyekti Proyekt rəhbərləri, yaradıcı tərəfdən isə Kreativ və Art direktor yönləndirir. Təcrübəmə görə deyə bilərəm ki, çox zaman vaxtdan qaçmalar, müəyyən anlaşılmazlıqlar olur və bunları həll etmək təkcə Proyekt rəhbərinin yox, həm də Kreativ və Art direktorun öhdəsinə düşür.

Məhz Art direktor kimi işləməyə sizi nə həvəsləndirir? Motivasiyanız nədir? 

Əslində bizim peşə elədir ki, vəzifədən asılı olmayaraq sən hər zaman yaradırsan və yaradıcılıq prosesindən zövq alırsan. Yəni, bu peşədə çalışan hər kəs öz işindən zövq alır. Peşənə nə qədər bağlansan, onu nə qədər sevsən, bu peşədə daha çox şeyləri öyrənməyə can atacaqsan və bununla da inkişaf edəcəksən. İnkişaf isə hər zaman vəzifə yüksəlişi və daha yüksək əmək haqqı deməkdir. Demək istədiyim odur ki, bu sahədə hansı vəzifədə olmağından asılı olmayaraq əsas motivasiya Yaratmaq-dır.

Art Direktor vəzifəsinə yüksəldikdən sonra sənin öhdəliklərinin üzərinə yeniləri gəlir ki, bu öhdəliklərin də çoxu səni bir menecer kimi formalaşdırır, təcrübənə yeni bacarıqlar əlavə olunur, ətrafın və əlaqələrin daha da genişlənir. Ən əsası da odur ki, sən daima inkişafda olursan. Bundan əlavə portfolio müxtəlif istiqamətlərdə böyüyür və artır. Digər departamentlərlə, şöbələrlə, müştərilərlə və insanlarla görüşlər təşkil edirsən, kommunikasiya bacarıqların artır və artıq bir məhsulu asanlıqla sata bilirsən. Reklam filmi və foto çəkilişlərdə iştirak edirsən. Burada isə yaradıcılığın tamam başqa istiqamətlərini kəşf edirsən, daha çox şeyləri öyrənirsən. Komandanda olan insanlar inkişaf edir, sabah onlar da vəzifədə artır. Sadaladığım bütün bunlar isə ayrı bir motivasiyadır. Əmək haqqı da öz yerində :)

Peşəkar Art direktor olmaq üçün nələrə diqqət edilməlidir?

Art direktor olmağın mənə görə ən birinci qaydası, yaradıcılığını daim inkişaf etdirmək şərti ilə özündə menecment və satış qabiliyyətlərini formalaşdırmaqdır. Qeyd etdiyim kimi, Art direktor təkcə “Yaxşı dizaynerəm” deyib keçməknən olan bir şey deyil. Bu vəzifənin də minimum tələbləri var və bu minimum tələblərə menecment və məhsulu, xidməti satmaq bacarığı aiddir. Tabeçiliyində olan komanda üzvlərini düzgün yönləndirə bilmirsənsə, onların bacarıqları üzərində çalışmırsansa, lazım gələndə onların motivasiyalarını artırmaq üçün heç bir tədbir görmürsənsə, müştəri ilə görüşdə birinci kommentdən sonra özünü bloklayıb “Mən bu işi sizdən yaxşı bilirəm, bu belə olmalıdır” deyirsənsə və nəticədə çalışdığın şirkətə bir xeyrin dəymirsə, deməli sən Art direktor deyilsən. 

Başqa bir məqam da ondan ibarətdir ki, Art direktor olmaq üçün mütləq şəkildə portfolio müxtəlifliyi və müəyyən müştəri bazasının olması şərtdir. Reklam və marketinq sahəsinin Art direktorları müxtəlif istiqamətli olmalıdır. Reklam dünyamız təkcə sosial media postlarından ibarət deyil. 

 

Art direktor olmağın ən yorucu yaxud mənfi tərəfi nələrdir?

Dizayner olanda səhər işə gəlirsən, taskları nəzərdən keçirirsən və sakit qulaqlıqları taxıb oturursan yaratmağa. Amma Art direktor olandan sonra sənin kompüter arxasına keçməyə vaxtın olmur. Görüşlərdə, təqdimatlarda olursan və müştərilərlə tez-tez kontakta keçirsən. Bu mənə görə ən yorucu tərəfidir. Məncə yaradıcı insanların heç biri bu prosesləri bəyənmir :) 

Mənfi tərəfinə qaldıqda isə onu qeyd edə bilərəm ki, satış hər zaman yaradıcılığı çökdürməyə çalışır. Primitiv satış isə sadəcə məhv edir. Bu peşədə çalışan insanların hər biri zamanla bununla qarşılaşır. Əsas odur ki, sən hər zaman özündə yaradıcılığı normada saxlayasan. Gördün ki, çalışdığın şirkətdə işlər rutinə dönür, işdən sonra, evdə bir şeylər et ki, yaradıcılığın məhv olmasın. Hər zaman trenddə qalmaq lazımdır.

 

Bu sahədə çalışmaq istəyənlərə nədən başlamağı tövsiyə edərdiniz?

Bizim sahədə hər zaman sənət vəzifədən önəmli olub və olacaq da. Tövsiyyə edərdim ki, ilk öncə peşələrini sevsinlər və onu dərindən öyrənsinlər. Çünki dizayn hər zaman inkişaf edir, yeni trendlər və tendensiyalar yaranır. Və bunlarla ayaqlaşmaq lazımdır. Çoxlu araşdırmalar etsinlər, dizayn saytları və platformalarını izləsinlər və nəzəriyyə kitabları oxusunlar. Ən əsası da yeni başlayanlara məsləhətim odur ki, Tiktok platformasında 1-2 saat sadəcə “swipe” edib boş vaxt keçirməkdənsə, dizayn səhifələrini izləsinlər və bu saatları sadəcə dizaynlara baxmaqla keçirsinlər. Bu halda dizaynerin estetik zövqü daha tez formalaşacaq. 

 

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

23.10.2022