Xəzər Lənkəran F.K. MMC


2004-cü il Azərbaycan futbolunda böyük canlanmanın yaranması ilə yadda qaldı. İdmanın ən populyar növünə iş adamlarının marağı nəticəsində ölkənin müxtəlif bölgələrində yeni futbol klubları yarandı. Yeni yaranmış klublar ilk illərdə qarşılarına sadəcə çıxış etdikləri çempionatda möhkəmlənmək məqsədi qoysa da, Azərbaycanda bu proses ənənəvi şəkildə olmadı. Belə ki, yeni klublar dərhal böyük iddialar uğrunda mübarizəyə qoşuldu ki, bu da ölkə çempionatında gərgin mübarizəyə gətirib çıxardı.

 

İddialı başlanğıc


Yeni yaranmış klublar arasında yer alan “Xəzər-Lənkəran” heç kimin gözləmədiyi halda ilk mövsümdəcə çempionluq arzusunu gizlətmədi və hədəfə nail olmaq yolunda böyük addımlar atdı. Artıq çempionatın ilk turlarından sonra komandanın sükanı arxasına futbolçu və məşqçi karyerası ilə adından söz etdirmiş türkiyəli çalışdırıcı Rasim Kara keçdi. Onun gəlişi ölkədə böyük səs-küyə səbəb oldu. Öz çıxışlarında Rasim Kara Azərbaycan futbolunda vəziyyətin ürəkaçan olmadığını desə də, görülən işlərin tezliklə bəhrə verəcəyini bildirirdi. Rasim Kara klub rəhbərliyinin də böyük dəstəyi ilə “Xəzər Lənkəran”da ilk öncə təsisləşmənin özülünü qoydu. Belə ki, mövsümün ortalarına doğru artıq “Xəzər Lənkəran” rəqiblərini doğma rayonda qəbul edir və komanda kluba məxsus bazada məskunlaşırdı. Bu arada komanda heyətinə dünya səviyyəli bir ulduz da cəlb etmişdi. Bir müddət Türkiyə millisinin, “Beşiktaş”, “Fənərbağça” kimi klubların şərəfini qorumuş Oktay Dərəlioğlu “Xəzər Lənkəran”da da qollarını sıralayırdı. 2004/2005-ci il mövsümünün ikinci dövrəsindən etibarən uğurlu nəticələr əldə edən “Xəzər Lənkəran” çempionluğa doğru irəlilədi. Mövsümün sonunda “Xəzər Lənkəran” və “Neftçi” eyni xala malik olduqlarından, əlavə matça - “Qızıl oyun”a ehtiyac yarandı. Qızıl medalların taleyinə 2005-ci il, iyun ayının 10-da Gəncə şəhər stadionunda aydınlıq gəldi. “Xəzər-Lənkəran” matça yaxşı başlayaraq, hesabda irəli çıxsa da, ikinci hissədə daha təcrübəli futbolçulardan qurulmuş “Neftçi” hesabı öz xeyrinə dəyişərək çempion tituluna yiyələndi. Lakin “Xəzər Lənkəran” meydançanı mövsüm ərzindəki çıxışı ilə Gəncə şəhər stadionuna toplaşmış 25 mindən artıq azarkeşın alqış sədaları altında tərk etdi.

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?