Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır.
SMDT qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən yenidən təsis edilib. Qeyd edək ki, 24 iyul 2001-ci ildə təsis olunmuş SMM-nin qeydiyyatı 14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunsuz iddiası əsasında Xətai rayon məhkəməsi tərəfindən ləğv edib.
SMM 2001-2008-ci illərdə Azərbaycanda keçirilən referendum (24 avqust 2002-ci il), prezident (15 oktyabr 2003-cü il və 15 oktyabr 2008-ci il), bələdiyyə (17 dekabr 2004-cü il) və parlament (6 noyabr 2005-ci il) seçkilərini, o cümlədən əlavə və təkrar parlament seçkilərini müşahidə edib.
SMDT (SMM) həmçinin üzv olduğu Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsi (ENEMO), Demokratik Seçkilər üzrə Avropa Platforması (EPDE) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Müşahidə Missiyaları tərkibində Albaniya, Belarus, Türkiyə, Ukrayna, Gürcüstan, Qırğızıstan və Qazaxıstanda keçirilən prezident, parlament seçkiləri və referendumu müşahidə edib.
Bununla yanaşı SMDT (SMM) vətəndaşlara siyasi azadlıqların – seçki hüququ, müraciət hüququ, sərbəst toplaşmaq və birləşmək azadlığının tədrisi, vətəndaşların dövlət idarəçiliyində iştirakı, yerli və mərkəzi idarə orqanlarının hesabatlılığının artırılması və siyasi azadlıqların müdafiəsi yönündə proqramlar həyata keçirib.
SMDT-nin proqramları əsasən ATƏT-in Bakı ofisi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Avropa Komissiyası, ABŞ Milli Demokratiya İnstitutu (MDİ), Böyük Britaniya səfirliyi, ABŞ, Niderland, Kanada səfirlikləri, Demokratiyanın Mlli Himayə Fondu və German Marshall Fondunun maddi-texniki dəstəyi ilə həyata keçirilib.
SMDT 2005-2013-cü illərdə Azərbaycan Respublikasının 10 bölgəsində – Bakı, Beylaqan, Mingəçevir, Naxçıvan, Sumqayıt, Gəncə, Cəlilabad, Şəki, Göyçay və Qubada fəaliyyət göstərən filial və nümayəndəliklərə malik olub.
9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkisindən sonra SMDT hakimiyyətin siyasi təzyiqlərinə məruz qalaraq uzun müddət öz hüquqlarının müdafiəsi ilə məşğul oldu. Belə ki, 27 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun başladığı siyasi motivli cinayət işi əsasında əvvəlcə SMDT-nin Bakı şəhərində yerləşən ofisində axtarış aparıldı. Axtarışdan sonra SMDT-nin bütün maliyyə və proqram sənədləri, o cümlədən seçki müşahidəçiliyinə dair anketlər və səsvermə protokolları, kompüter və CD-lər müsadirə olundu.