Qazax Sement Zavodu MMC


“Qazax Sement Zavodu” MMC Respublikanın qərb regionunda fəaliyyət göstərən iri sənaye müəssisəsidir. Şirkətin Qazax rayonunda sement istehsalı zavodu və Respublikanın müxtəlif regionlarında 8 beton zavodu və bir neçə qum çınqıl karxanası fəaliyyət göstərir.

Qazax Sement Zavodu MMC Azərbaycanın iri sement istehsalçılarından biri kimi ildə 1.5 milyon ton sement istehsal edir və Azərbaycanın Qərb regionunda reallaşmış ən böyük investisiya layihəsidir. Zavodun inşasına 2010-cu ilin mart ayında başlanmış, 2013-cü ilin aprelində sement istehsalı, 2014-cü ilin avqustunda isə klinker istehsalı xətləri istifadəyə verilmişdir.

Şirkət hazırda sulfatadavamlı sement, həmçinin qalaq və kisə şəklində müxtəlif sement məhsulları istehsal edir. Zavod istehsal prosesini və daşımaları təmin edəcək geniş infrastruktur və uzunmüddətli xammal ehtiyatları ilə təmin edilmişdir. Yaradılmış infrastruktur və çoxşaxəli logistika sistemindən istifadə edərək Azərbaycanın istənilən ərazisinə sement satışını həyata keçirilir. Məhsulların müştərilərə vaxtında çatdırılmasını təmin etmək üçün şirkətin Bakıda və regionlarda Logistika Mərkəzləri təşkil edilmişdir.

Fəaliyyətdə olduğu qısa müddət ərzində zavod istehsal etdiyi məhsulların keyfiyyəti ilə yüksək müştəri məmnuniyyətinə nail olmuşdur. Şirkətin əsas məqsədi Azərbaycanda və bütövlükdə regional miqyasda tikinti sektorunun aparıcı qüvvəsi olmaq və ölkənin milli rifahına öz töhfəsini verməkdir.

Qazax Sement Zavodu MMC 2015-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə sement – klinker ixracını həyata keçirən şirkət olmuşdur.

Yerləşdiyi yer: Azərbaycan Respublikası, Qazax rayonu, Daş Salahlı kəndindən 1.5 km məsafədə.

İstehsal gücü:

Klinker istehsalı 3`300 ton/gün, sement istehsalı 1`500`000 ton/il.

Zavodun tikintisinin iqtisadi və sosial faydaları:

— Regionların sosial-iqtisadi inkişafı,

— Daxili istehsalın artırılması,

— Yeni iş yerlərinin açılması

Zavodun layihələndirilməsi və inşası işlərinə zəngin təcrübəyə malik “SİNOMA” beynəlxalq şirkəti cəlb edilmişdir. Layihənin proqram təminatını, həmçinin avtomatik idarəetmə sistemini isə “SİEMENS” şirkəti təmin etmişdir.

Ən müasir texnologiyadan istifadə olunaraq inşa olunmuş zavodda, yüksək keyfiyyətli Betonsem (CEM II/A-P 42,5 R -qalaq/kisə), Sulfatadavamlı sement (PPS 400 – qalaq və kisə), Mastersem (CEM II/B-P 32,5 R - kisə), Unisem (CEM II/B-M (P-L) 32,5 R-kisə) sement markaları istehsal olunmaqdadır.

Zavodun əlverişli xammal yataqlarına sahib olması və ən müasir texnologiyadan istifadə yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. İstifadə olunan xammalın və istehsal olunan sementin keyfiyyətinin yüksək səviyyədə saxlanılması üçün zavodumuzda müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir, müntəzəm olaraq həm xammalların, həm də məhsulların fiziki-mexaniki və kimyəvi sınaqları həyata keçirilir.

 

Müəssisənin ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement Zavodun ümumi layihə çərçivəsində bir sıra mülki, infrastruktur və enerji obyektlərinin də inşası həyata keçirilmiş, 8 km avtomobil yolu və 18 km dəmir yolu xəttinin tikintisi, 15 km xarici su xəttinin, 26 km 110 kilovoltluq yüksək gərginlikli xarici elektrik xəttinin çəkilməsi, Avtomatik Qaz Paylayıcı Stansiyasının quraşdırılması və 4 km qaz xəttinin çəkilməsi, suvarma kanalının, sel bəndinin tikintisi və s. işlər həyata keçirilmişdir. Zavodun tikintisi zamanı sosial təyinatlı obyektlərin də tikintisinə xüsusi diqqət yetirilmişdir. Belə ki, işçi personalının iş və yaşayış şəraitinin təşkil edilməsi məqsədilə 56 otaqdan ibarət yataqxana, 250 nəfərlik yeməkxana, 69 otaqdan ibarət inzibati bina inşa edilmişdir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?