Bakı Tekstil Fabriki


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva dövlətimizin başçısına və birinci xanıma müəssisə haqqında məlumat verdilər.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olub.
Məlumat verildi ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?