Azerbaijan Red Crescent Society


Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ayrılmaz üzvüdür. Mövqeyinə görə Hərəkatın üç tərkib hissəsindən biridir. (Hərəkatın tərkib hissələri: Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası).

Tarixi ardıcıllıq.       

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Milli Cəmiyyət müsəlman şərqində ilk Demokratik Respublika olan Azərbaycan Cümhuriyyətinin (1918-1920) varislərindən sayılır. Milli Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Demokratik Cümhuriyyətinin hərbiyyə (müdafiə) naziri əvəzi, məşhur tarixi şəxsiyyət, General-Leytenant Əliağa Şıxlinski olmuşdur. O zaman Azərbaycan Demokratik Cümhuriyyətinin Xarici İşlər Naziri Fətəli Xan Xoyski də Milli Qızıl Aypara Cəmiyyətinin yaradılmasının ən yaxın dəstəkçilərindən biri olmuşdur. Milli Qızıl Aypara Cəmiyyətimiz müharibə şəraitində vətənin hərbi idarəsinə yardım etmək (Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı ilk yarandığı gündən bu günədək əsas məqsədi müharibə şəraitində yaralı əskərlərə və müharibədə iştirak etməyən hər bir mülki şəxsə yardım etməkdir) və xalq kütlələrinin böyük köməyinə ümid bəsləyərək xalqın başına gələn qəzavü-qədərdə zərər çəkən Respublika əhalisinə dəstək verməyi öz üzərinə götürmüşdür.

1920-ci ilin məlum aprel hadisələrindən sonra (Azərbaycan Demokratik Cümhuriyyətinin Sovet ordusu tərəfindən işğalı) bolşeviklərin lideri Vladimir İliç Leninin müvafiq tapşırığı əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinə məxsus olan bütün əmlak ondan alınaraq dövlətə təhvil verilmişdir. 1922-ci ilədək Azərbaycanda formal olaraq Kuznetsov adlı bir şəxsin rəhbərliyi ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi fəaliyyət göstərmişdir.  1922-ci ilin oktyabr ayında Azərbaycan Sovet Respublikasının Xalq Komissarları Şurasının qərarı ilə yenidən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Hilal Əhmər) yaradılmışdır. Kuznetsova isə bu Cəmiyyətə nəzarət etmək tapşırılmışdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1925-1991-ci illər ərzində Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirmişdir.

AZQAC1991-ci ildə Sovetlər Birliyi dağıdıldıqdan sonra yenidən müstəqiliyə qovuşan Azərbaycan Respublikası özünün Milli Qızıl Aypara Cəmiyyətinə də Beynəlxalq Standartlara uyğun şəkildə müstəqillik vermişdir. Digər bir tərəfdən də bu dövrlərdə (hələ 1988-ci idən başlayaraq) gənc, müstəqil Azərbaycan Respublikası torpaq iddiası ilə çıxış edən qonşu Ermənistan Respublikası tərəfindən 20 % torpaqlarının işğalına məruz qaldı (1994-cü ildə tərəflər arasında atəşkəs rejimi elan olundu, hazırkı dövrədək də Azərbaycanın 20 % torpaqları işğal altında qalmaqdadır). Hələ 1992-ci ildə Xocalı Soyqırımından dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsi özünün mandatına uyğun olaraq Azərbaycana gəlmiş və burada nümayəndəliyini yaratmışdır. Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə tərəfdaş qismində humanitar fəaliyyətlər həyata keçirməyə başlamışdır. 1992-1995-ci illər ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsi ilə 600-dək vətəndaşımız erməni əsirliyindən azad edilib vətənlərinə qaytarıldı. Bu proses bu günədək də davam edir. Məlum müharibə Ermənistan Respublikasında tarixi torpaqlarında yaşayan 300 minədək soydaşımızın oradan qovulması ilə qaçqın və işğal olunmuş 20 % Azərbaycan torpaqlarından 700 minədək vətəndaşımızın köçürülməsi ilə məcburi köçkün statusunu almışdır. Bu çətin anlarda İran və Türkiyə Qızıl Aypara Cəmiyyətlərinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və ümumiyyətlə Azərbaycan Dövlətinə dəstəyi böyük olmuşdur. Digər ölkələrin də Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri də Azərbaycanın bu dar günündə öz yaxın dəstəyini vermişdir. İran və Türkiyə Milli Qızıl Aypara Cəmiyyətləri sayı 100 minlərlə ölçülən qaçqın və məcburi köçkünlərimizə sığınacaq olaraq çadır şəhərcikləri yaratmış və vətəndaşlarımızın gündəlik təlabatlarını ödəmişlər. Humanitar böhranın miqyasını görən Azərbaycan Qızıl Aypara Cəmiyyəti yardım üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına rəsmi müraciət etmişdir. Müraciətə 1994-cü ildə müsbət cavab gəlmişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası Azərbaycanda nümayəndəliyini yaradaraq bütün qaçqın və məcburi köçkün şəhərciklərinin idarəolunması və təmin olunması işini öz üzrəinə götürmüşdür. Sözsüz ki, o uzun və keşməkeşli illər ərzində burada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də rolu əvəzolunmaz olmuşdur.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?