Avis Tibbi Marketlər şəbəkəsinin əsası 1998 ilin yanvar ayında “İstanbul” şöbəsi ilə qoyulmuşdur. F. Ağayev 14 ünvanında yerləşən “İstanbul” şöbəsi o dövr üçün vacib olan mükəmməl xidməti ilə qısa zamanda alıcıların rəğbətini qazandı və 2-ci şöbənin açılması üçün zəmin yaratdı. Elə həmin ilin sentyabr ayında, el dilində “torqovaya” adlanan məkanda “Avropa” adlı şöbə alıcıların xidmətinə açıldı. R. Rza 23/7 ünvanında yerləşən bu şöbə öz dizaynı və məhsul çeşidi ilə dövrün əczaxanaları üçün bir örnək oldu.
Uzun müddət – 6 il iki qardaş aptek onlarla praktik əczaçılar yetişdirərək, yeni əczaçı kriterilərinin müəyyən olunmasında öz tövhəsini verdi.
İki şöbənin uğurlu xidməti və 6 il ərzində formalaşan iş mədəniyyəti marka olmaq haqqındakı istəkləri gündəmə gətirdi. Elə bu minvalla da açılacaq 3-cü şöbənin ismi həm aptekin adı, həm də bundan sonra və əvvəlki şöbələrin ismi olacaqdı. Elə də oldu. İlk Avis apteki 2005-ci ilin mart ayında, Nərimanov səmtində - Ağa Nemətulla 45 ünvanında xalqın xidmətinə təqdim edildi.
Avis apteklərinin digər apteklərdən ən əsas fərqlərindən biri dərmanlarla birlikdə təqdim olunan geniş çeşidli digər sağlamlıq məhsulları idi. Bioloji aktiv əlavələr, tibbi cihazlar, tibbi kosmetika, ana-uşaq məhsulları, gigiyenik məhsullar, ortopedik məhsullar kimi bölmələr çoxçeşidliliyi ilə xüsusiyyət kəsb edirdi. Bu xüsusiyyət nəzərə alınmaqla, “geniş məkan-geniş çeşid-məsləhətyönlü satış” konsepti ilə R.Rza 23/7 ünvanındakı şöbə Avis tibbi market olaraq adlandı və digər şöbələrdə də bu konsept tətbiq olunmağa başladı.
Sırası ilə 2008-ci ilin mart ayında Haqverdiyev ünvanında Avis tibbi marketlər şəbəkəsinin 4-cü şöbəsi, 2009-cu ildə H. Zərdabi prospekti 89-da 5-ci şöbə, 2012-ci ilin aprel ayında Əhmədli qəsəbəsində - M. Hadi küçəsi 41V-də 6-cı şöbə, 2013-cü ilin noyabr ayında Badamdar qəsəbəsi, şose 5 ünvanında 7-ci şöbə xidmətə açıldı. 2015-ci ilin yanvar ayı da şəbəkə üçün sevindirici oldu. Sayca 8-ci olan Nəsimi şöbəsi çiçəklənən Binəqədi rayonunda, Cavadxan küçəsi (Pişəvari) 43-də fəaliyyətə başladı. Avis tibbi marketlər şəbəkəsinin hər bir şöbəsi insanlara dəyərli xidmət göstərməklə, xalqın sağlamlığının keşiyində durmağı özünə borc bilir.
Avis tibbi marketlər şəbəkəsində göstərilən xidmətin yüksək olmasına personallar birbaşa təsir göstərir. Personalların bilik və əhval-ruhiyyələrinin yüksək olması məqsədilə şirkət sosial aktivlik tədbirləri və təlimlər həyata keçirir. Bunların nəticəsidir ki, xidmət keyfiyyəti daim yüksəlir və yeni-yeni şöbələrin açılmasına səbəb olur.