Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə alaraq inkişaf etmiş və təkmilləşmişdir.
Hazırda ölkə üzrə baş yolların açılmış uzunluğu 2954,74 km, istismar uzunluğu 2133,07 km-dir ki, onlardan da 803,3 kilometri ikiyollu, 1329,72 km-i isə bir yolludur. Yolun ümumi istismar uzunluğunun 1169,17 kilometri və ya 54,82%-i elektrikləşdirilib, 964,9 kilometri, yəni 45,18%-i teplovoz dartısı ilə işləyir. 1527,7 kilometri avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilib.
Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir.