Bu gün Azərbaycanda olduqca ciddi dəyişikliklər baş verir. Ölkədə iqtisadi islahatlar aparılır, bu islahatlar gələcəkdə biznes-mühitə bilavasitə təsir göstərəcək. Biznesə gəlincə, demək olar ki, hər şey dəyişir - dövriyyədə olan pulların ümumi həcmi azalıb, asan əldə olunan kredit, demək olar, qalmayıb, məhsulların və xidmətlərin seçimində daha səmərəli və daha tələbkar olan istehlakçıların davranışları dəyişilib, əksər bazarlarda daxili rəqabət artır. Bütün bunlar ona gətirib çıxarır ki, yeni şəraitdə idarəçilik üslubu və işçi heyət və ya rəhbərlik qarşısında qoyulan tələblər dəyişir.

Sürətlə dəyişən dünyada işçinin peşəkar inkişafı təkcə onun karyera yüksəlişi üçün vacib keyfiyyət sayılmır. Bu, eyni zamanda, işçinin artıq tutduğu vəzifəni qoruyub-saxlaması üçün fundamental tələbatdır. Həm cavanlar qarşısında, həm də orta və yuxarı rəhbərlik qarşısında etdiyim çıxışlardan sonra, bir qayda olaraq xarici dil bilgisinin peşəkar özünütəkmilləşdirmə və karyera yüksəlişi baxımından vacib şərt olduğunu deyirəm.

Xarici dil bilgisinin önəmini, xüsusilə ingilis dilində oxumağı, danışmağı və yazmağı bacarmağın vacibliyini sinqapurlu iqtisadiyyat dühası Li Kuan Yu da yaxşı anlayıb. “Sinqapur tarixi:  Üçüncü dünyadan ilk addım” adlı kitabında ali təhsil, tələbələr və xarici dillər barədə belə bir fikir yürüdür:

“Onların gələcəyi yeni dərsliklərin yazılmış olduğu dildən asılı idi, söhbət ingilis dilindən gedir”.

Peşəkar inkişaf üçün xarici dil

Peşəkar səviyyədə inkişaf etmək, karyera yüksəlişinə nail olmaq istəyində olan gənc mütəxəssisi təsəvvürünüzə gətirin. O, öz bilgilərini təkcə öz seçdiyi sahədə genişləndirməməlidir. Eyni zamanda, insanın karyerasına təsir göstərən bədən dili, ünsiyyət bacarıqları, psixologiya ilə bağlı məlumatlarını artırmalıdır. Xarici dil bilgisi olmayan insan yalnız Azərbaycan dilində olan materiallarla kifayətlənməli olacaq. Azərbaycan dilində isə seçim o qədər geniş deyil. Halbuki ingilis dilini bilsə, bütün dünya bilgisi onun sərəncamında olacaq.

Xarici dili bilən insan ən son tədqiqatların dərc olunduğu müasir onlayn jurnal və onlayn qəzetlərdən yararlana biləcək. Qərb mətbuatında dərc olunan istənilən məqalə kompüter və ya mobil cihazlarda bir neçə düyməni basmaqla əlinin altına olacaq. Məsələn, o, “Apple” şirkətinin baş ofisində aylıq iclasların hansı şəkildə keçirildiyindən, yapon şirkətlərində keyfiyyət sisteminin necə təsbit olunduğundan agah olacaq, iri şirkətlərin işçilərin mütaliəsi üçün necə vaxt ayırdığını öyrənəcək.

İngilis dili bilgisi menecment, tibb, idarəçilik, gələcək, sağlam həyat tərzi barədə ən son kitabları oxumağa imkan verəcək. Bu gün kimsə ondan “liderlik, nitq, idarəçilik, psixologiya, biznesin əsasları, reklam, marketinq” kimi möczularda hansı yeni kitabları oxumağın məsləhət görüldüyünü soruşsa, onlara yalnız ingilis dilində nəşr olunmuş kitabları tövsiyə edə biləcək.

Öz sahənizin aparıcı mütəxəssislərinin tövsiyələrini eşitmək istəyirsiniz? Faktiki olaraq bütün sahələrin və istiqamətlərin müzakirəsi üzrə saysız-hesabsız forumlar və platformalar var. Bu halda, sizinlə, deyək ki, kanadalı mütəxəssisi internet birləşdirir. Və ingilis dili bilgisi. 

Bill Qeytsi canlı şəkildə görmək hər adama nəsib olmaz. Dünyanın ən iri korporasiyasının yaradıcısı çox məşğul insandır. Ancaq siz onunla ünsiyyət qura, ən çox hansı kitabları bəyəndiyini, 2018-ci ilin sonuna hansı nəticələri çıxardığını öyrənə bilərsiniz. Belə ki, bütün bunlar haqqında öz şəxsi bloqunda yazıları çıxır.

Təəssüflər olsun ki, Mendeleyev, akademik Vavilov kimi alimlər, “McDonald's”ın yaradıcısı Rey Krok, sıfırdan “WallMart” adlı böyük imperiyanı yaratmış Sem Uoltonu canlı şəkildə görmək imkanımız yoxdur. Ancaq biz onların kitablarını oxuya, onların peşəkar həyata yanaşmaları, uğurları barədə çoxlu faydalı informasiyalar əldə edə bilərik.

Xarici dili bilməklə, tanınmış sahibkarlar, biznesmenlər, alimlər, idmançıların müsahibə və çıxışlarını “TedX” platformasında seyr edə bilərsiniz.

Karyera yüksəlişi üçün xarici dil

Xarici dil biligisi təkcə peşəkar inkişaf üçün yox, həm də uğurlu karyera qurmaq baxımından vacibdir.

Təsəvvür edin: siz iş axtarırsınız, öz əməkdaşlarının və menecerlərinin inkişafına böyük önəm verən şirkətə CV göndərmisiniz. Direktorun qarşısında 10 nəfərin CV-si var. Onlardan yalnız biri ingilis dilini mükəmməl səviyyədə bilir. Sizcə, o, kimi seçəcək? Əlbəttə ki, xarici dili biləni. İngilis dili bilgisi inkişaf etməkdə olan və ya iri beynəlxalq şirkətə işəgötürülmə zamanı həmin şəxsə böyük üstünlük qazandırır.

Sadə bir misal: əməkdaşın peşəkar inkişafı üçün onun mütəmadi olaraq texniki mövzularda onlayn treninq kurslarına yazılmasına ehtiyac var. Halbuki əməkdaş ingilis dilini bilmir. Şirkətin pul verib treninqləri tərcümə etdirməkdənsə, qabaqcadan işə ingilisdilli mütəxəssisləri götürməsi daha sərfəli və asan olmazdımı?

İngilis dili bilgisi əmək bazarında rəqabəti gücləndirir və özünütəkmilləşdirmə şanslarını artırır.

Başqa bir misal. Təsəvvür edin ki, böyük bir şirkətdə işləyirsiniz. Treninqlər, konfranslar, seminarlarda iştirak etmək üçün ölkə xaricinə yollanmaq lazım gəlir. Şirkət seçim qarşısında qalır: həmin sahə üzrə məlumatlı işçini göndərsin, yoxsa ingilis dilində danışan işçini. Sizcə, üstünlük hansı birinə veriləcək?

Bunu əminliklə demək olar ki, ingilis dili bilgisi sadəcə bir aksessuar və ya ürəkaçan bonus deyil, eyni zamanda, həyati bir zərurətdir. Xarici dildə danışa, oxuya bilməmə - istənilən şəxsin fərdi inkişafı və karyera yüksəlişi qarşısında duran ilk maneədir.

İndi isə gəlin nəzər salaq, daha enerjili və az qayğılı cavanlıq illərində, tələbəlik illərində ingilis dilini öyrənmədiyinə heyfslənən, hazırda isə bu dilin mənimsənilməsinə illərini sərf edən nə qədər insana rast gəlirik. İllər keçir, bu insanlar elə əvvəlki kimi gileylənirlər: xarici dili bilsəydim, karyera və iş şəraiti daha yaxşı olardı.  

Düşürəm ki, heç də hər şey itirilməyib. Bu məsələyə münasibətim belədir – İnsan özü təslim olmayıbsa, deməli, hələ ümid yeri var. Bu baxımdan, istək, intizam və iradə olsa, xarici dili öyrənmək olar.

Xatırlayıram, Türkiyəyə oxumağa gedəndə, bizim həyətdə bir oğlan var idi, deyirdi ki, ingilis dilini öyrənib, BP-də (“British Petroleum” - neft-qaz şirkəti) işləməyi arzulayır. Türkiyədə 10 il oxudum, hər dəfə tətillərdə evə qayıdanda, onun simasında elə həmin ifadəni görürüdüm: “Bircə ingilis dilini öyrənə bilsəydim...” O, heç dili öyrənmədi də.

Çox adamın arzuları var. Ancaq bəziləri elə arzusu ürəyində qalmış şəkildə bu dünyadan köçür. Belə adamlar həyatlarının sonunda etdiklərinə yox, edə bilmədiklərinə heyfslənirlər. İnsan dil öyrənmək üçün vaxt tapmalıdır. Həyat demokratikdir, hətta deyərdim, çox demokratikdir. Bizim hər zaman seçim imkanımız var: özümüzü inkifaş etdirəcəyik və ya boş-bekar oturacağıq, idmanla məşğul olacağıq ya da bütün günü divanda uzanacağıq. Digər tərəfdən, həyat çox amansızdır, etdiklərimizin və ya edə bilmədiklərimizin bədəlini tam olaraq ödəyirik.

Bəzən özümüz özümüzü hipnozlaşdırırıq. “Vaxtım yoxdur”, “Xarici dili öyrənməyin mənə nə marağı” deyə özümüzü aldadır, qurban mövqeyi seçirik.

Öz həyatınızı nəzarətə götürün. Həyat seçimdir. Bizim hər bir günümüz onlarla və yüzlərlə müxtəlif seçim və qərardan asılı olur, onlar bizim gələcəyi formalaşdırır. Boş-bekar oturub, “Xarici dil öyrənə bilmirik” deyə giley-güzar etmək, gələcəkdə isə düşən imkanlardan yararlanmamağın peşmanlığını çəkmək olar. Həmçinin, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün günü, həftəni və ya ayı tam nəzarətə götürmək olar.

 

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

08.06.2020