Xəzər Ekoloji Laboratoriyası


Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyası 3 sektordan ibarətdir:

  • Analitik Tədqiqatlar Sektoru;
  • Ekotoksikologiya Sektoru;
  • Hidrobiologiya Sektoru.

Sektorların laboratoriyaları Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Əsasnaməsini rəhbər tutaraq, iş planına uyğun olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında, çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə, yerli və xarici neft şirkətlərinin, həmçinin beynəlxalq təşkilatların həyata keçirdiyi dəniz ekspedisiyaları və monitorinqlər nəticəsində götürülmüş su, dib çöküntüsü, şlam və qazma məhlulu nümunələri üzərində analitik, bioloji və ekotoksikoloji təhlillər aparır.

Analitik Tədqiqatlar Sektorunda 9 mütəxəssis  çalışır. Mütəxəssislər Xəzər dənizi və onun sahil zolağında yerləşən sənaye obyektlərinin axarlarında, çirklənmə mənbələrində keçirilən monitorinqlərdə iştirak edir. Monitorinqlər zamanı götürülmüş su, qrunt, şlam və qazma məhlulu nümunələri üzərində fiziki-kimyəvi və kimyəvi təhlillər ( pH, duzluluq, həll olmuş oksigen, şəffaflıq, codluq, sulfatlar, xloridlər, qalıq xlor, asılı maddələr, biogen maddələr (ammonium ionu, nitritlər, nitratlar, fosfatlar və silikatlar), oksigenə biokimyəvi tələbat, oksigenə kimyəvi tələbat, sintetik səthi aktiv maddələr, neft məhsulları, fenollar və s.) aparılır. Aparılan tədqiqatların məqsədi dənizə axıdılan çirkləndirici maddələrin kəmiyyət və keyfiyyət göstəricilərinin analitik tədqiqatlarla müəyyənləşdirilməsi, dənizin çirklənmə vəziyyətini və çirklənmənin ətraf mühitə mənfi təsirini müəyyən etməkdən ibarətdir. Sektorda təhlillər müasir standartlara cavab verən cihazlarda aparılır.

Ekotoksikologiya Sektorunda 9 mütəxəssis çalışır. Mütəxəssislər Xəzər dənizi və onun sahil zolağında yerləşən sənaye obyektlərinin axarlarında, çirklənmə mənbələrində keçirilən monitorinqlərdə iştirak edir. Götürülmüş su, dib çöküntüləri, şlam və qazma məhlulu nümunələri üzərində Dahpnia maqna və Pontoqammarus maeoticus test orqanizmlərindən istifadə etməklə ekotoksikoloji təhlillər aparılır. Bundan başqa çirkab su təmizləyici qurğuların işinin səmərəliliyini yoxlamaq məqsədi ilə mütəmadi olaraq qurğuların çıxışlarından su nümunələri götürülərək üzərində bioloji və ekotoksikoloji təhlillər aparılır. Aparılan tədqiqatların məqsədi dənizə axıdılan çirkləndiricilərin zərərli təsirlərinin müəyyənləşdirilməsi, dənizin çirklənmə vəziyyətini və çirklənmənin ətraf mühitə mənfi təsirini müəyyən etməkdən ibarətdir.

Hidrobiologiya  Sektorunda 10 mütəxəssis çalışır. Mütəxəssislər monitorinqlərdə nümunələrin götürülməsində iştirak edir və nümunələr üzərində hidrobioloji və mikrobioloji təhlillər aparırlar. Hidrobiologiya sektoru fəaliyyətə başladığı gündən dənizdən, üzən vasitələrdən, yanalma körpülərindən, axarlardan, çirkab su təmizləyici qurğulardan götürülmüş su nümunələri üzərində ümumi Bağırsaq Çöpü Bakteriya Qrupunun və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarının təyini üçün mikrobioloji təhlillər aparır. Həmçinin gələcəkdə zooplankton və dib çöküntüsü nümunələri üzərində bentik orqanizmlərin tədqiqatının aparılması da nəzərdə tutulmuşdur. Aparılan tədqiqatların məqsədi dənizin bioloji çirklənmə vəziyyətini və çirklənmənin ətraf mühitə mənfi təsirini müəyyən etməkdən ibarətdir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?