Naftalan Tours


Naftalan şəhəri Bakıdan 360 km qərbdə, Goran Dəmir yolu stansiyasından 18 km aralı, dağətəyi düzənlikdədir. Dəniz səviyyəsindən isə 210-270 m yüksəklikdə yerləşir. Yayı isti, qışı yumşaqdır. Orta illik temperaturu 14,8 dərəcədir. Küləyin hərəkət sürəti 4 m/san, şəhərin ümumi sahəsi 518 hektar, əhalisi isə 8 min nəfərdir.

"Naftalan" sözünün etimologiyası bu ərazidə çıxan neftlə əlaqədardır. Ehtimala görə, hələ qədimdən təbii şəkildə çıxan "Nafatalan" neftinin müalicəvi əhəmiyyətini bilən xüsusi adamlar onu tuluqlara doldurub dəvə karvanları ilə müxtəlif yerlərə apararaq, satmışlar. Naftalan (neft alan) adının da elə buradan yarandığı ehtimal olunur. Naftalan neftindən müalicə məqsədi ilə istifadə olunmasına dair ilk yazılı məlumat XII-ci əsrə aiddir. Naftalan neftinin texniki istismarına isə XIX əsrin 70-ci illərindən başlanmışdır.

Kurort şəhəri olan Naftalan 1967-ci ilə qədər müxtəlif dövrlərdə Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. Naftalan kurortu isə əsasən 1935-ci ildə yaradılmışdır. 1967-ci ildə keçmiş Sovetlər İttifaqının ən böyük sağlamlıq ocaqlarından biri olduğuna görə Respublika hökumətinin qərarı ilə ona Respublika tabeliyində şəhər statusu verilmişdir.

Naftalan kurortunun əsas inkişafı 1970-1980-ci illərdə olmuşdur. O dövrdə ölkə rəhbəri işləmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev cənablarının təşəbbüsü ilə Naftalan kurortu daha da inkişaf etmiş və böyük şöhrət qazanmışdır. Hətta, 19 fevral 1982-ci ildə Azərbaycan K.P. MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının "Naftalan kurortunun daha da inkişaf etdirilməsi haqqında" birgə qərarı olmuşdur. Məhz bu qərarın nəticəsində Naftalan kurort şəhəri kimi daha da böyümüşdür.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Respublikamızda apardığı quruculuq işləri sayəsində Naftalan şəhəri daha da inkişaf etmişdir. Belə ki, Naftalan şəhərində yeni xiyabanlar salınmış və çoxmərtəbəli yaşayış binaları tikilmişdir. Eləcə də həmin dövr ərzində əhaliyə məişət xidməti kombinatı, 400 yerlik kinoteatr binası, hava limanı, Avtovağzal, dördmərtəbəli Telekommunikasiya qovşağı və doqquzmərtəbəli mehmanxana binası tikilib istifadəyə verilmişdir.

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?