İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi


Qədim Bakının tarixi-memarlıq cövhəri olan İçərişəhər daim Ulu Öndərin mədəni sferadakı çoxşaxəli fəaliyyətinin diqqət mərkəzində olmuşdur. Məhz onun uzaqgörən siyasətinin məntiqli davamı olaraq İçərişəhərin qorunması istiqamətində  10 fevral 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncam imzaladı.

16 may 2007-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi təsdiq edildi. İdarənin yaradılmasının əsas məqsədi İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən unikal idarəetmə sisteminin təşkil olunması idi.

İdarənin fəaliyyəti müddətində ərazidə aparılan bütün işlər nəzarət altına alındı - ilk növbədə abidə və tarixi binaların inventarizasiyası aparıldı, ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı mühüm işlər görüldü və ən əsası – İçərişəhərin Baş Planının hazırlanması prosesinə start verildi.

Keçən 10 ildə İçərişəhərin mühafizəsi, bərpası, arxeoloji işlərin aparılması, tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, milli mədəniyyətin inkişafına və təbliğinə kömək məqsədilə mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu qurulması sahəsində əsaslı işlər görüldü.

2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən Bakının tarixi mərkəzinin memarlıq irsinin sistemli şəkildə konservasiyası və gələcək inkişafını beynəlxalq prinsiplərə müvafiq olaraq planlaşdırılmasının təmin edilməsi məqsədi ilə İçərişəhərin “Baş Plan”ı hazırlandı. 2009-cu ildə “Baş Plan” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqləndi.

Görülən bu mühüm işlərin nəticəsi olaraq 2009-cu ildə Dünya İrs Komitəsinin 33-cü sessiyasında Komitəyə daxil olan 21 ölkənin təmsilçiləri yekdilliklə İçərişəhərin Təhlükədə olan Ümumdünya İrsi Siyahısından çıxarılmasına səs verdilər. Təbiidir ki, bu ölkə rəhbərliyinin İçərişəhərə, ümümilikdə - tariximizə, mədəniyyətimizə, onun qorunub saxlanılmasına  daimi olaraq göstərilən diqqət və qayğının bariz nümunəsi, həmçinin, ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində İdarə tərəfindən qısa müddət ərzində gördüyü əməli tədbirlərin məntiqi nəticəsi idi.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?