Məzunlar karyeralarının ilk pillələrində nə etməlidirlər?

Təhsilin verdiyi bilik və bacarıqların son hədəfi işdir. Şagirdin orta, tələbənin ali məktəbdə aldığı savad məzunun işlə təminatı üçün açardır. Biz təhsildən, onun keyfiyyətindən çox danışırıq, ancaq məzunun məşğulluq problemi, daha doğrusu, onun ilk iş yerini necə qazanmaq yolları diqqətimizdən kənarda qalır. Bütün dünyada təhsil sistemi dəyişir, bilik və bacarıqların əldə olunması yollarına fərqli yanaşmalar həyata vəsiqə qazanır. İnsan münasibətlərinin intensiv formada transformasiyaya uğradığı reallıqda ali məktəbi yenicə bitirib karyera axtarışında olan gəncin məşğulluq anlayışına baxışı da yenilənir. Bu problem ekspertlərin ciddi diqqət mərkəzindədir, onlardan bəziləri hətta karyeranın ilk pillələrindən keçən yollara kitablar da həsr edirlər.

 

Məqsəd karyeraya haqq qazandırır

Elison Şrager iqtisadçı və jurnalist, “Quartz” nəşrinin təsisçisi və risklər sferasında işləyən konsaltinq şirkəti “LifeCycle Finance Partners”in yaradıcılarından biridir. Şrager müxtəlif vaxtlarda bir sıra beynəlxalq institutlara, o cümlədən Beynəlxalq Valyuta Fonduna məsləhətlər verib. “İlk işi necə seçməli” adlı məqaləsində yazdığına görə, dünyadakı münasibətlər o qədər mürəkkəbləşib ki, uzunmüddətli uğur üçün ilk addımı atmaq hələ bu qədər riskli olmayıb. Bununla belə, qorxmaq lazım deyil: sizin ən dəyərli aktiviniz gələcək qazancınızdır. Ali təhsil alarkən risklərin idarə olunmasına dair baza alətlərinə yaxşı yiyələnə bilsəniz, həmin dəyərli aktivinizi asanlıqla idarə edə biləcəksiniz.

Risklərin idarə olunması üçün ehtiyac duyulan ən effektiv alət dəqiq məqsədlərin müəyyən olunmasıdır. Bu alət effektiv olmaqla yanaşı, həm də mürəkkəbdir, çünki insanların bir çoxu həyatdan nə istədiklərinə dair aydın təsəvvürə malik deyillər. “Mən hələ də 22 yaşında qarşılarında konkret məqsədləri olan universitet yoldaşlarıma heyranam. Məsələn, səhmlər bazarının analitiki işləmək, 3 övlada malik olmaq və şəhər ətrafında yaşamaq. Bilmirəm, məqsədlərinə nail olanların hamısı xoşbəxtdirlərmi? Şübhə etmirəm ki, məqsədlərinin olması onların hədəfə çatmaq şanslarını xeyli artırıb”, – deyə Şrager yazır.

Bununla belə, elələri var ki, nəinki 22, heç 52 yaşında belə, həyatdan və özündən nə istədiklərinin fərqinə varmayıblar.

Şragerə görə, burada da qorxulu heç nə yoxdur, yetər ki, gələcək vəzifə barədə deyil, karyerandan nə istədiyin barədə düşünəsən: “Bəziləri deyir ki, arzularınızın arxasınca gedin. Digərləri bu fikirdədir ki, böyümək və adekvat işə yiyələnmək lazımdır. Mən birincilərin tərəfindəyəm, ancaq realist olmaqla. Məsələn, əgər siz bədii ədəbiyyatla maraqlanırsınızsa, bu sahədə yazıçı olmadan da nəyəsə nail ola bilərsiniz. Yazıçılıqda sizə cəlbedici görünən nədir? Azad iş? Axı buna roman yazmaq kimi riskli işə başlamadan da nail olmaq mümkündür. Marketinqdə, ictimaiyyətlə əlaqələr sahəsində, media və müəllimlikdə də bədii ədəbiyyatla maraqlana bilər, özünüzü sınaya bilərsiniz”. Əsas odur qarşınızdakı hədəflə bağlı olan riskləri gözlərinizin önünə alasınız. Bu risklər iki növ ola bilər: idiosinkratik, yəni yalnız siz və sizin işiniz üçün unikal olan və sistematik – ümumi xarakterli. İdiosinkratik risklərə dair misal: məsələn, işlədiyiniz şirkət bərbad idarəçilik səbəbindən bağlanır. Yaxud, sizin şirkət rəhbərliyi ilə fikir ayrılığınız var və öz xoşunuzla gedirsiniz. Bu növ riskləri idarə etmək mümkündür, necə ki, bunu investisiya sahəsində edirlər. İş yeri variantları və bacarıqları diversifikasiya yolu ilə.

Məntiqlə, sistematik risklər də aşağıdakı məzmundadır: iqtisadiyyatda böhran var, siz iş yeriniz və yaşamaq üçün vəsaitlərdən məhrum olmusunuz. Bu növ risklər daha qorxuludur, çünki siz işinizi elə bir vaxtda itirimisiniz ki, hamı işsiz qalıb və yeni məşğulluq yerini tapmaq fövqəladə çətindir.

Risksiz olmur

Jurnalist Nil İrvin yazır ki, iş seçimi səhm seçimi kimidir. Sizə uyğun olanı məqbul riskin həddindən, lazım olan gəlirdən və nə qədər qazana biləcəyinizdən asılıdır. Əgər iş yerini tapdınızsa, onu da səhmləriniz kimi idarə etməyi bacarmalısınız. İrvinə görə, əgər ilk iş yeriniz iri şirkət və ya təşkilat oldusa (belə iş yerlərinə “super ulduz” deyirlər-müəl.), bu, karyeranız üçün çox uğurlu start hesab oluna bilər. Ancaq belə bir riski də nəzərə almaq lazımdır ki, adətən varlı və oturuşmuş iş yerlərində bürokratiya və mürəkkəb daxili siyasət reallığında hərəkət etmək lazım gəlir. Gərək ən azı maraqları nəzərə almağı bacarasan ki, bu da hər gənc üçün asan deyil. İri şirkət və təşkilatların gənc əməkdaşlarına çoxlu təzyiq vasitələri var və onlardan ən populyarı budur: sən minnətdar olmalısan ki, burada işləyirsən! Bu, o deməkdir ki, gəncin karyera yolu ilə irəliləməyi, uğurlar əldə etməyi, bacarıqlarını göstərməyi hədsiz çətin olacaq. Qayıdırıq yenidən idiosinkratik risklərə…

Dünənin tələbəsi və bugünkü inamsız karyera alternativləri. Əlbəttə, narahat olmağa dəyər. Yuxarıdakıların üstünə iqtisadiyyatda izlənən qlobal radikal transformasiyanı da gəlin. İnsanlar ixtisara düşür, onları robotlar əvəzləyir. Əksər sahələrdə bir qrup iri şirkət dominantlıq edir və əməkdaşlarına yaxşı qazanc verir. Belə iş yerlərinə düşə bildinizsə, bəxtiniz gətirdi. Kənarda qalanlar üçün isə çətin olacaq.

Məzunlar üçün əlverişli variant yenicə həyata qədəm qoyan iş yerlərinə baş vurmaqdır. Söhbət startaplardan gedir. “Google” da bir vaxtlar startap olub. Belə iş yerlərində özünüzü təsdiqləmək imkanlarınız qat-qat çox ola bilər. Sizi məhdudlaşdıran da az olar, çünki hamı startapın “super ulduz” olmasını istəyir. Düzdür, o da var ki, startaplarda iş sistemli risklərdən çox asılıdır, çünki iqtisadiyyatda baş verəcək iri təlatüm faktiki olaraq onun sonu ola bilər: ayaqda durmaq üçün iri şirkətlərdə olduğu kimi maliyyə dayaqlarına ehtiyac yaranır.

İrvinə görə, üçüncü variant bir vaxtlar uğurlu olan, indi isə aşağılara doğru yuvarlanmağa başlayan iş yerləri də hesab edilə bilər. Təsəvvür edin ki, gəlmisiniz belə bir şirkətə və orada hamı sizə bir xilaskar kimi baxır: buyurun, öz bilik və bacarıqlarınızı göstərin!

Təcrübə, qazanc və özünəinam

“İşləmək əladır” kitabının müəllifi Codi Qlikman məşğulluq prosesində arzuların ardınca getməyin qəti əleyhdarıdır. Qlikmana görə, biz adətən məzunlara xeyli məsləhət veririk: Arzularının ardınca get! Öz ehtirasını tap! Sevdiyin işlə məşğul ol! Dünyanı dəyiş! Hə, bir də imkan olsa, pul qazan… Əslində isə bütün bunlar professional həyata yenicə qədəm qoyan şəxsi düz yoldan sapdırır. “Ehtiras”, “arzu”, “sevgi” kimi sözlər həyata yenicə qədəm qoyan şəxs üçün əsl problemə çevrilə bilər. “Heç kim digərinin arzusunu gözündə qoymaq istəməz, ancaq minlərlə sübutlar var ki, “arzularının arxasınca get” məsləhəti ziyanlıdır, sevimli iş axtarışı insanların əksəriyyəti üçün sadəcə illüziyadır” – deyə müəllif yazır.

C.Qlikman hesab edir ki, ali məktəbi yenicə bitirmiş şəxslər bir məqamı anlamalıdırlar: ya gərək təklif olunan işə razılaşasan, ya da sənə uyğun olanı gözləyəsən. Ancaq istəsəniz “ya, ya da” seçimi qarşısında qalmaya da bilərsiniz. Yetər ki, məsələni özünüz üçün təqribən belə müəyyən edəsiniz: indi nə edə bilərəm ki, gələcəkdə məni sevindirəcək işi tapmağım üçün köməyimə çatsın? Gəlin realist olaq, 20 yaşındakı gənc heç də həmişə nə istədiyini yaxşı dərk etmir: “Məzunlar diskussiyanın müstəvisini dəyişməlidirlər. Heç kim demir ki, arzularınızdan imtina edin. Sadəcə, məsələyə geniş baxın, həyəcanlanmayın və razılaşın ki, hər bir işdən xeyir də götürə bilər, dərs də çıxararsınız”. Qlikmanın fikrincə, işə gedərkən nəzərə alınmalı əsas amillər bunlar olmalıdır: sizə təcrübə qazandıracaqmı, gəlir əldə edə biləcəksinizmi və özünüzə inam formalaşdıracaqmı.

Təbii ki, yaxşı iş yerində karyera qurmaq çox cəlbedicidir. Ancaq bir çox hallarda bunu istənilən iş yerində etmək olar. Özünüzdən soruşun ki, nəyi öyrənməyə ümid edirsiniz, hansı bacarıqları qazanmağı planlaşdırırsınız? Özünüzü mütləq axtardığınız peşə və ya vəzifə ilə məhdudlaşdırmayın. Onlarla məşğul olmaq üçün ehtiyac duyulan bacarıqlar barədə düşünün.

Əgər sizə təcrübə lazımdırsa, unutmayın ki, kabinetin qapısında asılmış vəzifə lövhəsi deyil, gördüyün iş əsasdır. Əgər nə vaxtsa rəhbər olmaq istəyirsinizsə, karyeranızı startapdan başlayın. Müxtəlif təmayüllü işlərin öhdəsindən gəlmək bacarığı rəhbərlərin nüfuzundan qat-qat vacib qazancdır.

Qlikman yazır ki, heç vaxt əməkhaqqının əhəmiyyətini kiçiltməyin. Yəni, maaş azdırsa, onu qiymətdən salmaq olmaz. Pis odur ki, ümumiyyətlə, olmasın. Qərbdə uğur qazanmış insanların demək olar ki, əksəriyyəti karyeralarının ilk anlarında dükanlarda satıcı, restoranlarda ofisiant işləyiblər. Kiçik məvacibə. Nə qədər ki, sizə lazım olan işi tapmamısınız, belə işlərdə işləməyi bacarmalısınız. Qlikman yazır: “Mən Ətraf mühitin qorunması Nazirliyinə sənədlərimi göndərmişdim. Cavab verdilər ki, siz çox yaxşı namizədsiniz, ancaq hazırda vakansiyamız yoxdur. Mən nə etdim? Vaşinqtona rəfiqəmin yanına köçdüm, müvəqqəti olaraq “İnter-American Development Bank”a işə düzəldim. Bir müddət sonra isə nazirlikdə vakansiya yarandı. Böyük ehtimalla sizin həyatınızda gözlənilməz anlar, yüksəliş və enişlər, uğur və uğursuzluqlar olacaq və bütün bunlar həyatınızı maraqlı edəcək. Bütün bu zaman ərzində qazanacağınız başlıca uğur edəcəyiniz səhvlərdən asılı olacaq: nifrət etdiyiniz ilk işdən və arzuladığınız iş yerindən. Əsas odur bədbinliyə qapılmayın. Təcrübə qazanmaq üçün imkanlar axtarın, onda gəlir də gələcək, özünəinam da”.

Mənbə: “Azərbaycan müəllimi” qəzeti
Müəllif: Rüstəm Qaraxanlı

15.07.2020